Ermənistanda klanlararası savaş güclənir – İki qüvvə qarşı-qarşı

Qarabağdan köçən ermənilərin Ermənistanda xoş qarşılanmadığı deyilir. Bəzi şəxslərin Qarabağdan gələnlərə kömək etdiyi bildirilsə də, əksəriyyətin vəziyyətdən istifadə edərək onları pis vəziyyətdə qoyduğuna dair məlumatlar yayılıb.

Hətta Qarabağ ermənilərinə sərt münasibətin göstərildiyi, onların gəlişinin narazılıq yaratdığı qeyd olunur. Bəzi hakimiyyət nümayəndələri ümumiyyətlə Qarabağ ermənilərinə köməkdən imtina edib, bu isə ölkə daxilində ciddi narazılığa səbəb olub.

Bütün bunların fonunda gələcəkdə Qarabağdan köçənlərlə yerli sakinlər arasında müəyyən gərginlik gözlənilirmi? Bu, Ermənistan daxilindəki vəziyyəti daha da gərginləşdirə bilər?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Mətin Məmmədli bildirib ki, Qarabağ erməniləri ilə Ermənistan sakinləri arasında daha əvvəl də gərginlik olub:

Ermənistan törətdiyi cinayətlərin məsuliyyətini daşımalıdır - Mətin Məmmədli

Mətin Məmmədli

“Son günlər xüsusilə sosial şəbəkələrin Ermənistan seqmentində paylaşılan məlumatlardan aydın olur ki, Qarabağdan köçən ermənilərlə yerli sakinlər arasında müxtəlif səbəblərə görə problem yaşanır. Bu problemlər getdikcə daha da dərinləşə bilər. Çünki Qarabağ erməniləri hələ Ermənistana yeni köçüblər. Nəzərə almaq lazımdır ki, tarixən də bu iki kəsim arasında qarşıdurma olub. Yaxın gələcəkdə bu ixtilaf daha da dərinləşə bilər. Hesab edirəm ki, bu vəziyyət Ermənistan daxilindəki siyasi proseslərə də təsir göstərəcək.

Son 30 il ərzində Ermənistanda iki klan arasında sərt mübarizə gedib: İrəvan və Qarabağ klanları. Təbii ki, Ermənistana köçən şəxslər klanlararası bu mübarizəyə öz töhfəsini verəcək. Onların ciddi təsir göstərəcklərini düşünürəm. Təbii ki, bütün bunlar Ermənistanın daxili məsələsidir. Lakin baş verənlər Bakı tərəfindən diqqətlə izləniləcək”.

Ayşən Mustafa
Globalinfo.az