Ermənistan hakimiyyəti bu addımla özünə ziyan vurur – Parsyan

“İki ölkənin müxtəlif rəsmiləri tərəfindən qarşılıqlı ittihamlar səsləndirilməsindən asılı olmayaraq, Ermənistanla Rusiya arasında iqtisadi əlaqələr dərinləşir”.

Globalinfo.az xəbər verir ki, bunu iqtisadçı Suren Parsyan Ermənistan hakimiyyətinin Qərbə meyl etməsi məsələsini şərh edərkən bildirib.

Parsyan əmindir ki, Ermənistanla Rusiya arasında iqtisadi əlaqələr siyasi kursda hər hansı dəyişiklik olsa belə, qalacaq. Çünki Moskva və İrəvan arasında qarşılıqlı faydalı və sıx əlaqələr mövcuddur.

“Bu ilin ilk 4 ayında Ermənistanın xarici ticarətinin 60 faizi Rusiya ilə olub. Ancaq 2023-cü ildə bu rəqəm cəmi 35-40 faiz təşkil edib. Qərbin sanksiyaları fonunda Ermənistan Rusiyaya müxtəlif avadanlıq və mexanizmlərin alınması və onların çatdırılması probleminin həllində kömək edir. Bunun da sayəsində Ermənistandan avadanlıqların reeksportu ilə məşğul olan şirkət bu ilin birinci rübündə min iri vergi ödəyicisi siyahısına başçılıq edib. Bundan əlavə, son 5 ay ərzində Rusiya Ermənistan vasitəsilə təxminən 4,5 milyard dollar dəyərində qızıl sata bilib. Ermənistan hökuməti qərbyönümlü siyasət nümayiş etdirir, amma praktikada Rusiya ilə sıx maliyyə-iqtisadi əlaqələri mövcuddur. Unutmayaq ki, Ermənistan enerji resurslarının 80 faizini Rusiyadan idxal edir. Ermənistanın şimalında fəlakət baş verəndə Rusiyanın Cənubi Qafqaz Dəmir Yolu çox qısa müddətdə – təxminən iki həftə ərzində fəaliyyətini bərpa edə bildi. Odur ki, Rusiya və Belarus haqqındakı sərt bəyanatlar Ermənistan hakimiyyətinin özünə ziyan vurur. Ermənistan hakimiyyəti başa düşməlidir ki, bizim regionda həm qonşularımızla, həm də Aİİ-yə üzv dövlətlərlə imkan daxilində əlaqələrimizi saxlamaq lazımdır”, – deyə Parsyan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az