Ermənilər rus hərbçilərinin onları aldatdığını iddia edir: “Bizə dedilər ki…”

Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması ilə bağlı Rusiya sülhməramlıları Bakı ilə danışıqlar aparıldığını açıqlayıb. Ermənistan Rusiyanın onlara belə bir məntəqənin qurulmayacağına dair zəmanət verdiyini iddia edirdi. Amma bu gün erməni ekspertlər sülhməramlıların sərhəd məntəqəsinin qurulmasına problem yaranmamasına nəzarət etdiklərini bildirirlər.

Bəs məsələ ilə bağlı real vəziyyət necədir?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq İlyas Hüseynov rus sülhməramlılarının mövcud vəziyyətdəki mövqeyini dəyərləndirib:

“Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin qurulması İrəvanın sülhə mane olmaq təşəbbüslərinə qarşı çox uğurlu addımdır. Əsas məsələ odur ki, bu məntəqənin funksionallığı təmin edilməli, təyinatı üzrə fəaliyyət göstərməli, regionda sülhə və sabitliyə xidmət etməlidir.

Sülhməramlıların da bu məsələyə müəyyən münasibətinin şahidi oluruq. Danışıqların həyata keçirilməsi ilə bağlı açıqlamanın verilməsi, sülhməramlıların rəhbəri Andrey Volkovun başqası ilə əvəzlənməsi və s. kimi diqqətçəkən məqamları müşahidə edirik. Amma bura Azərbaycan torpağıdır, öz suveren ərazimizdir. Ona görə də burada hər şey Azərbaycan Respublikasının Konstitusiyasına uyğun şəkildə həyata keçirilməlidir.

Digər tərəfdən Qarabağda yaşayan ermənilərin reinteqrasiyası ilə bağlı dialoqların davam etdirilməsi, humanitar və infrastruktur məsələlərinin öz həllini tapması ən aktual mövzulardan biridir. Azərbaycanın Prezident Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələri ilə Bakıda görüşün keçirilməsi üçün iki dəfə təklif irəli sürüb. Bu dialoqların baş tutmamasının əsas səbəbkarı isə qarşı tərəfdir”.

İlyas Hüseynov

Politoloq sərhəd məntəqəsinin məhz sülhə və təhlükəsizliyə xidmət etdiyini bildirib:

“Hər şeyə rəğmən biz hədəflərimizə doğru addım-addım irəliləyirik. Sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulması artıq prosesdə yeni səhifədir. Maraqlarımıza uyğun həyata keçirilən proses məntiqi çərçivədə başa çatdırılmalıdır. Vəziyyətə uyğun olaraq danışıqlar, görüşlər keçirilə bilər. Amma Rusiya və sülhməramlı komandanlığı aydın şəkildə anlamalıdır ki, təhlükəsizliyimizə təhdidlər formalaşdırılmasına, ərazimizə mina, silah-sursat, canlı qüvvə keçirilməsinə imkan verilə bilməz. Elə sərhəd buraxılış məntəqələrinin qurulması regional təhlükəsizliyə, sülhə xidmət edir.

Sülhməramlılar da vəzifələrinə uyğun olaraq prosesə əngəl törətməməli, əksinə, dəstək olmalıdırlar”.

Ayşən Mustafa
Globalinfo.az