Erməni deputatlar iş bəhanəsi ilə futbola baxmağa getdilər – FOTO

Ermənistan parlamentinin hakim “Mülkü müqavilə” fraksiyasının deputatları iyunun 24-28-də Almaniyaya gözlənilməz səfər ediblər.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Hraparak” nəşri çıxış edib.

Məlumata görə, parlamentin Ermənistan – Almaniya dostluq qrupunun bir qrup üzvü Berlinə 4 günlük səfərə yola düşüblər. Lakin onların ani səfərinin səbəbi açıqlanmayıb. Onların arasında fraksiyasının rəhbəri Hayk Konjoryan, üzvləri Rüstəm Bakoyan , Babken Tunyan, Mikayel Tumasyan, Hripsime Hunanyan və başqa bir nəfər olub.

Nəşr yazır ki, qrupun Almaniyaya sonuncu belə səfəri aprel ayında baş tutub. Lakin qısa müddət keçməsinə baxmayaq iyunda həyata keçirilən səfərin hansı məqsədlə edildiyi bəlli deyil. Parlament rəhbərinin imzaladığı sənəddə səbəb göstərilmir. Məlumdur ki, asambleya üzvlərinin rəsmi səfərlərinin xərləri hökumət tərəfindən qarşılanır.

Nəşrin iddiasına görə, bu, əslində heç də rəsmi səfər olmayıb. Deputatlar Almaniyaya AVRO – 2024 çərçivəsində keçirilən oyunları izləməyə gediblər. Bunun maliyyələşməsi üçün isə rəsmi səfər adından yararlanıblar.

Bir neçə gün əvvəl başqa bir deputat və ölkənin təhsil nazirinin də Almaniyaya səfər etdiyi, deputatın stadiondan futbolu izləyərkən görüntüləri yayıldığı bildirilir.

Ayşən Mustafa
Globalinfo.az