Ordumuz Qarabağı bu silahlarla vura bilərdi – İncə məqam

“2020-ci ildəki 44 günlük Qarabağ savaşı və 2023-cü ildəki bir günlük antiterror əməliyyatları ilə Azərbaycan bütün dünyaya işğalçı, separatçı və terrorçu ilə necə mübarizə aparmağın, savaş əxlaqının və ləyaqətli müharibənin nə olduğunun örnəyini göstərdi!”

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şükürlü deyib.

O bildirib ki, Azərbaycan Ordusu da Qarabağdakı separatçıların külünü göyə sovuracaq silahlardan istifadə edə, düşməni qorxutmaq və daha tez təslim olmasını təmin etmək üçün kütləvi bombardmana əl ata bilərdi, ancaq etmədi:

“Həmişə nəzərə aldıq ki, orada dinc əhali var: körpə uşaq, qadın və qoca qatili olmağı seçmədik! Belə bir müharibə üsulunu, hər şeydən öncə dinimiz zülmkarlıq sayır, lənətləyir və bizə qadağan edir! Üstəlik, həqiqi ləyaqət sahibi olan komandanlar düşmənlə savaşda da ləyaqətli və ədalətli davranışı seçərlər: qarşısındakının alçaq və əclaf olmasına baxmayaraq, onun davranışlarını təkrarlamağı özlərinə ar sayarlar!

Ancaq bugünkü dünyamıza baxın: bir tərəfdə Ukraynanı faşistlərdən təmizlədiyini deyərək slavyan qardaşlarının başına raket yağdıran xristian Rusiya var, digər tərəfdə HƏMAS-ı bəhanə edərək Qəzzanı vuran İsrail!

Elxan Şükürlü

Mən hələ ilk dəfə nüvə bombasını Yaponiyanın yatmış əhalisinin başına atıb yüzminlərlə insanı bir anda məhv edən, dünyanın ən qədim sivilizasiyalarının beşiyi sayılan İraqı fosforlu bombalar və raketlərlə yandırıb-yaxan, indi isə utanmadan bütün dünyaya özünü “demokratiyanın, ədalətin keşikçisi” kimi sırıyan, xristianlarla yəhudilərin ortaq dövləti ABŞ-ın qanla yoğrulmuş tarixinə toxunmuram…

Baxın, araşdırın və indi qiymət verin: kimdir vəhşi, kimdir bəşəriyyətə ən böyük təhlükə?! Kimdir körpələri, qocaları, qadınları vəhşicəsinə qətlə yetirənlər?! Müharibələr sülhün və ədalətin qorunmasına, özünü haqlı müdafiəyə xidmət etmirsə, hədəfdə döyüşən ordular yox, dinc əhali, bütöv xalqlardırsa, bu, ən ağır bəşəri cinayətdir!”

Zaira Akifqızı
Globalinfo.az