Elmar Məmmədyarov və tanınmış vəkil əsir əsgərlərin qaytarılmasının yollarını göstərdi

Bildiyimiz kimi, Azərbaycan Ordusunun hərbçiləri Aqşin Bəbirov və Hüseyn Axundov əlverişsiz hava şəraitində yolu itirərək Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisindən Ermənistan ərazisinə keçiblər. Hər iki əsgər Ermənistan tərəfindən əsir götürülüb, işgəncələrə məruz qalıblar. Hətta ermənilər əsir düşən Hüseyn Axundovu vəhşicəsinə döyərək, ağır işgəncələr vermələrinin görüntülərini sosial şəbəkələrdə paylaşıblar. Daha sonra onların barəsində cinayət işi açılıb, həbs ediliblər. Qeyd edək ki, İrəvan azərbaycanlı əsgər Hüseyn Axundova qətl ittihamı ilə haqsız cinayət işi açıb.

Bəs belə olan halda əsirlərimizi geri qaytarmaq mümkün olacaqmı?

Məsələ ilə bağlı Globalinfo.az-a danışan keçmiş xarici işlər naziri Elmar Məmmədyarov əsirlərimizin Vətənə qaytarılmasının mümkün olduğunu bildirib.

O, bu məsələdə bir neçə yolun olduğunu deyib:

“Xatırlayırsınızsa, erməni çobanları Azərbaycan ərazisinə keçdikdə, dərhal xoş niyyət göstərib onları ölkələrinə qaytardıq. Eynisini ermənilər də edə bilər. Bunun üçün ilk növbədə danışıq mövzusu həmin hadisəni xatırlatmaq olmalıdır. Yəni biz qaytarırdıq, siz də qaytarın. Digər tərəfdən əsgərlərimizə qarşı cinayət işi qaldırılıb.

Ermənistan tərəfi şəffaf istintaq işi aparmalıdır. Ona görə də, biz Qırmızı Xaç Komitəsi ilə əlaqə saxlamalıyıq ki, əsirlərlə paralel erməni hakimiyyəti ilə də görüşüb istintaqın şəffaf şəkildə aparılmasını tələb etsinlər. Biz ermənilərin bu məsələdə şəffaf istintaq aparacağına inana bilmərik.

Üçüncüsü də biz əsgərlərin Azərbaycana qaytarılmasını tələb edərək, araşdırmanı da özümüzün aparacağımızı bildirməliyik”.

Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev bildirib ki, əsgərlərimiz əsasən sərhədləri qanunsuz keçməkdə günahlandırılırlar:

“İstənilən halda istintaq gedişatını hökumət mütləq nəzarətdə saxlamalıdır. Bildiyim qədəri ilə artıq əsirlərin yaxınları Avropa Məhkəməsinə müraciət ediblər.

Mütləq həmin əsgərlərə erməni dövlətinin hesabına vəkil təyin olunacaq. Bu, bütün ölkədə belədir. Bizimkilər isə hər hansı bir xarici ölkədən vəkil dəvət edə bilərlər.

Həmin vəkil isə ermənilərin tutduğu vəkilə qoşulub məsləhətçi kimi iştirak etmək hüququna malik olur.

Düzdür, şəffaf araşdırmanı görmək bizə çətin olacaq. Amma yenə də xarici ölkədən vəkil dəvət etməliyik. O zaman az da olsa istintaqın gedişatı ilə bağlı hansısa məlumatı əldə etmiş ola bilərik. Başqa yolumuz yoxdur”.

Hüquqşünas deyib ki, əsgərlərimizin sərhədləri qanunsuz keçməsi və üzərində silah olması maddələri qondarma maddədir:

“Bunu ermənilər özləri də yaxşı bilir. Çünki əsgərlər orada heç kimə hücum etməyib. Silahlı olmaları isə normaldır. Ona görə ki, bunlar əsgərdirlər və yolu azaraq Ermənistan ərazisinə keçiblər. Əgər əsgərlərimizin işinə əlavə maddə yükləməsələr, onları geri qaytarmaq çox asan olacaq. Sadəcə, biz əlimizdə olan sübutlarla bütün imkanlardan istifadə etməliyik. Ermənilərin əsgərlərimizə verdiyi işgəncəyə görə də mütləq ki, tibbi və hüquqi müstəvidə Avropa Məhkəməsi arayış tələb edəcək. Ondan sonra həmin şəxslərin həqiqətən də cəzalandırılması mümkün olacaq”.

Zaira Akifqızı
Globalinfo.az