pasinyan yeni 78

“Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün bütün imkanlar dəyərləndirilir, lakin hələ dəqiq tarix yoxdur”. 

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.

O, Azərbaycanla razılaşdırılmış sülh müqaviləsi mətni üzrə məsləhətləşmələrin başladıldığını bildirib:

“Müqavilənin paraflanması ideyası da gündəmdədir. Bəzi şərtlərin icrası realdır, amma elələri var ki, mümkün deyil. Bütün proses Ermənistan Respublikasının suverenliyi, ərazi bütövlüyü, yurisdiksiyası və dövlət maraqları nəzərə alınmaqla həyata keçiriləcək. Digər tərəfdən, dünyanın dinamik olduğunu nəzərə almalıyıq. Biz çevik və diqqətli olmalıyıq”.

Baş nazir Ermənistanın Cənubi Qafqazda kommunikasiya imkanlarının açılmasında maraqlı olduğunu söyləyib:

“Əlaqələrin təmin olunması ölkəmizin suverenliyi daxilində baş verəcək. İrəvan “Azərbaycandan-Azərbaycana” prinsipi ilə nəqliyyat əlaqəsinin açılmasında problem görmür. İrəvan da sözügedən yol üzərində üçüncü ölkələrə yüklərin daşınması, ticarət əlaqələrinin qurulmasında maraqlıdır. O ki qaldı yola nəzarətin beynəlxalq xarici şirkətə verilməsinə, Ermənistanda belə bir təcrübə var. Məsələn, “Zvartnots” beynəlxalq hava limanı hazırda bu formatda fəaliyyət göstərir. Bir sıra su sistemlərində də vəziyyət bu şəkildədir. Biz bu autsorsinq hallarının bəzilərindən razı, bəzilərindən narazıyıq. Lakin hamısı Ermənistan ərazisində və qanuni olaraq tərkibində qalmağa davam edir. Yolların “Sülhün kəsişməsi” layihəsi ilə açılması təklifimizdə də belə bir nüans var. Buraya ciddi investisiya cəlb etmək mümkündür. İrəvan bəzi sadələşmələrə də açıq olduğunu bildirib. Hazırda əsas problem icarə təklifi ilə bağlıdır ki, bu da müzakirə olunur”.

Qeyd edək ki, bundan öncə ABŞ Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün Zəngəzur dəhlizini 100 illik “icarəyə götürməyə”, buraya nəzarət etməyə hazır olduğunu açıqlayıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: