Hazırda Qarabağda ən kritik rayon… – Analitik

“Prezident İlham Əliyevin Xocalının Çanaqçı və Sığnaq kəndlərinə səfəri işğaldan azad edilmiş bölgələrə ziyarətindən fərqli idi: hansısa obyektin açılışı olmadı, məlumat qısa xəbər və görüntülərdən ibarət idi. Belə demək mümkünsə, dövlət başçısı Xocalıya baş çəkdi”.

Globalinfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi, analitik Asif Nərimanlı deyib.

O bildirib ki, qısa görünən səfərin səbəblərini Qarabağda baş verən son proseslər fonunda axtarmaq olar:

“Rusiya sülhməramlı kontingentinin əsas qərargahı Xocalı rayonundadır.

– Erməni əhalisinin reinteqrasiyasına qarşı ciddi “müqavimət” göstərən separatçılar Xocalıda sülhməramlıların qərargahı önündə aksiya keçirdilər;

– Bir qrup erməninin iştirakı ilə Bakının əhalinin təminatını həyata keçirmək təklifini bloklamaq məqsədilə Ağdam yolunda barrikadalar qurulub”.

A.Nərimanlı deyib ki, separatçıların oyunlarının arxasında Rusiyanın dayandığı, sülhməramlıların bu prosesdə kurator rolunu oynadığı şübhəsizdir:

“Moskvanın sərgilədiyi mövqe də bunu deməyə əsas verir. Bu kontekstdə Əliyevin sülhməramlıların qərargahının olduğu Xocalıya səfərinin Rusiyaya və separatçılara torpağın gerçək sahibinin kim olduğunu nümayiş etdirmək baxımdan mesaj xarakteri daşıydığını deyə bilərik”.

Zaira Akifqızı
Globalinfo.az