Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Serbiyaya səfəri zamanı iki ölkə arasında müxtəlif sahələri əhatə edən sənədlərin mübadiləsi mərasimi baş tutub. Rəsmi görüş çərçivəsində imzalanan sənədlər münasibətlərdə siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Tərəflər strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsində maraqlı olduqlarını bəyan ediblər.
Prezident İlham Əliyev Belqradda Serbiya Prezidenti Aleksandar Vuçiçin iştirakı ilə keçirilən Strateji Tərəfdaşlıq Şurasının birinci iclasında bildirib ki, Balkanlarda, Cənubi Qafqazda və daha geniş regionda vəziyyət sürətlə dəyişir və bir çox gözlənilməz ssenarilər mövcuddur. Dövlət başçısı bu ssenarilərin hansı istiqamətdə inkişaf edəcəyini konkretləşdirməsə də, regional və qlobal qeyri-müəyyənliklərə diqqət çəkib.
Bu mesajın arxasında hansı reallıqlar dayanır? Cənubi Qafqazı və Balkanları nə kimi geosiyasi proseslər gözləyir?
Globalinfo.az-a danışan politoloq Azad Məsiyev deyib ki, Azərbaycan xarici siyasət doktrinasında balanslaşdırılmış və çoxvektorlu kurs həyata keçirir:
“Həm regional, həm də qlobal geosiyasi müstəvidə maraqlar uzlaşdırılır. İstər şimal, istər cənub, istər şərq, istərsə də qərb istiqamətində milli maraqlara uyğun siyasət davam etdirilir.
Avropa dünya siyasətində mühüm güc mərkəzlərindən biridir. Lakin hazırda Avropa həm siyasi, həm hərbi, həm də iqtisadi baxımdan müəyyən çətinliklərlə və qeyri-müəyyənliklərlə üz-üzədir. Bu proseslər ayrı-ayrı dövlətlər üçün ciddi çağırışlar yaradır. Buna baxmayaraq, Azərbaycan Avropa İttifaqına (Aİ) üzv olan 10-dan artıq ölkə ilə iqtisadi maraqlarını uzlaşdırır. Həmin ölkələrdən biri də Serbiyadır.

Azad Məsiyev
Serbiya Prezidenti Aleksandar Vuçiç ilə Prezident İlham Əliyev arasında dostluq münasibətləri mövcuddur. Bu, dəfələrlə mətbuata açıq şəkildə ifadə olunub. Azərbaycan çoxtərəfli əməkdaşlığa önəm versə də, spesifik ikitərəfli münasibətlərin inkişafına da xüsusi diqqət yetirir.
Azərbaycan Balkan ölkələri ilə əlaqələrini ardıcıl şəkildə genişləndirir. Ölkəmiz enerji sektorunda bir çox regionları birləşdirən nadir dövlətlərdəndir. Söhbət təkcə neft və qazdan deyil, həm də elektrik enerjisindən gedir. Azərbaycanın Balkan ölkələrinə enerji ixracı bu gün uğurla davam edir. Prezidentin həyata keçirdiyi siyasət nəticəsində həm regionda sabitlik möhkəmlənir, həm də digər regionlarla əməkdaşlıq imkanları genişlənir”.
Turan Rzayev
Globalinfo.az