Ermənistanı ağrılı və çətin proses gözləyir – Bakıdan Bassoya…

Fevralın 16-da Münhendə Azərbaycan Prezidenti İlham Əliyev ilə Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odil Reno-Bassonun görüşü olub. Görüş qarşı tərəfin müraciətinə əsasən baş tutub və Azərbaycanın sülh gündəliyi müzakirə edilib.

Tərəflər arasında baş tutan görüşün nəticəsi hansı istiqamətlərdə özünü doğruldacaqmı? Danışıqlar zamanı Azərbaycanın sülh gündəliyinə toxunulması, Azərbaycan-Ermənistan münasibətlərində həll yolunda addımlara işarədirmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Prezident İlham Əliyev Münhendə bir sıra vacib görüşlər keçirdi, ayrı-ayrı Avropa liderləri və rəsmiləri ilə müzakirələr aparıldı:

“Belə görüşlərdən biri də Odil Reno-Basso ilə keçirildi. Tərəflər arasında Ermənistanla Azərbaycan arasında normallaşma prosesi barədə də fikir mübadiləsi aparıldı. Amma fikrimcə, görüşün əsas mahiyyəti iqtisadi əlaqələrlə bağlı olub.

Bundan sonra hansısa Avropa liderinin və ya rəsmisinin sülh prosesinə töhfə verəcəyi gözlənilmir, çünki səmimi deyillər. İlham Əliyevin andiçmə mərasimində dediklərindən də belə qənaətə gəlmək olar ki, rəsmi Bakının vasitəçiyə ehtiyacı yoxdur. Sülh ikitərəfli təmaslar nəticəsində əldə olunacaq. Üstəgəl, yaxın gələcək üçün sülh gözlənilmir. Səbəb – Ermənistan buna hazır deyil.

Rəsmi İrəvan sülh istəyirsə, səmimi addımlar atmalı, Azərbaycana ərazi iddialarından əl çəkməlidir. Bu isə özlüyündə həm də konstitusiya dəyişikliyini nəzərdə tutur. Ermənistan konstitusiyasına dəyişiklik edəcək. Amma bu, mövcud Ermənistan hakimiyyəti üçün riskli və ağrılı proses olduğuna görə vaxt alacaq. O vaxta kimi isə sülh olmayacaq. Bunu vasitəçilik iddiasında olan tərəflər, o cümlədən Avropa rəsmiləri də bilməlidirlər”.

Turan Rzayev
Globalinfo.az