Əkrəm Əylislidən Anarın ona badə qaldırmasına CAVAB

“Bu gün mənim elə bir günümdür ki, Anarla bağlı başqa fikir səsləndirməyə həvəsim yoxdur. Anara mənim şərəfimə badə qaldırmasına görə yalnız təşəkkür edə bilərəm”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında yazıçı Əkrəm Əylisli uzun illərdir küsülü olduğu xalq yazıçısı Anarın onun şərəfinə badə qaldıraraq təbrik etməsinə və haqqında müsbət fikirlər səsləndirməsinə münasibət bildirərkən deyib.

O, bunun ciddi bir məsələ olduğunu bildirib:

“Mən keçmişə qayıtmaq, o söhbətləri xırdalamaq istəmirəm. Bu mənim üçün çətin mövzulardır. Təbrik edibsə, çox gözəl”.

Qeyd edək ki, ötən gün xalq yazıçısı Anar məclislərin birində Əkrəm Əylislinin 85 yaşının tamam olduğunu xatırladıb və onun şərəfinə badə qaldırıb.

Xatırladaq ki, AYB sədri Anarla yazıçı Əkrəm Əylisli uzun illərdir, küsülüdürlər. Onlar indiyə kimi mətbuatda bir-birilərinin ünvanına kəskin ifadələr səsləndiriblər. Əkrəm Əylislinin “Daş yuxular” romanından sonra bu münasibətlər daha da kəskinləşib. Ona görə də Anarın Ə.Əylisli haqda xoş sözlər söyləməsi, şəninə sağlıq deyib, badə qaldırması xeyli maraqla qarşılanıb.

Zaira Akifqızı
Globalinfo.az