Ehtiyatdakı erməni zabitlər bəyanat yaydı

“Ermənistan bu gün dövlət sərhədinin təhlükəsizliyini müstəqil şəkildə təmin edə bilməz”.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Ehtiyatda olan Zabitlər İttifaqının bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, sərhədi qorumaq üçün çoxlu sayda yüksək ixtisaslı kadrlara ehtiyac var.

“Ümumiyyətlə, Rusiyanın dəstəyi olmadan Ermənistan Türkiyə ilə sərhədi müstəqil şəkildə müdafiə edə bilməz.

Birincisi, bunun üçün müəyyən sayda mütəxəssis tələb olunur. Digər tərəfdən, sərhədin mühafizəsi böyük xərc tələb edir.

İkincisi, Rusiya sərhədçilərinin Ermənistanı tərk etməsi insidentlərə yol açacaq. Ermənistan artıq 900 kilometrdən çox uzanan Ermənistan-Azərbaycan sərhədinin təhlükəsizliyini müstəqil şəkildə təmin etməli olacaq. Bu halları gözardı etmək mümkün deyil. Əks halda bütün bunlar gözlənilməz nəticələrə, o cümlədən dövlətçiliyin itirilməsinə səbəb ola bilər”, – bəyanatda deyilir.

Xatırladaq ki, Ermənistan parlamentində keçirdiyi brifinqdə parlamentin spikeri Alen Simonyan Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə sərhədindən çıxarılması məsələsinin müzakirə olunmadığını bildirib.

Əliyar Xəlil
Globalinfo.az