Separatçılar aktivləşir: Araik göndərilir, “yerinə” o şəxs gətirilir

“Qarabağdakı separatçıların rəhbəri Araik Arutyunyanın kənarlaşdırılması istiqamətində addımlar atılır. Prosesə Samvel Babayan rəhbərlik edir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Samvel Babayan Araikdən fərqli olaraq N.Paşinyana yaxın şəxsdir və onun erməni icmasının rəhbərliyinə gətirilməsi ilə Azərbaycanla dialoqda müəyyən irəliləyiş əldə edilə bilər:

“Araik Arutyunyan birbaşa Kremlin təlimatları ilə hərəkət edir və onunla təmaslar Azərbaycan üçün qəbuledilməzdir. İlk növbədə Araik Arutyunyanın prosesdən kənarlaşdırılması nəzərdə tutulur və Samvel Babayan burada icma rəhbərliyinə gətirilsə, erməni icması ilə təmaslar inkişaf edə bilər. Hazırda Araik Arutyunyan və Ruben Vardayan Qarabağda reinteqrasiyaya mane olur. Onlar böhranın davam etməsində maraqlıdırlar. Samvel Babayanın Qarabağda icma rəhbərliyinə gətirilməsinə Azərbaycan etiraz etmir. Baxmayaraq ki, Samvel Babayan Birinci Qarabağ müharibəsində Azərbaycana qarşı müharibədə fəal iştirak edib. Amma Araikdən və Vardanyandan fərqli olaraq Azərbaycanla təmaslarda maraqlıdır.

Məhəmməd Əsədullazadə

Qeyd edim ki, Araik Arutyunyan Samvel Babayanı “dövlət naziri” vəzifəsinə gətirilməsinə məcbur ola bilər. Samvel Babayan erməni icması “rəhbərliyinə” gəlsə, Rusiyanın Xankəndidə Azərbaycanın yurisdiksiyasının təmin edilməsinə etirazı mümkün olmayacaq. Proseslər Bakının lehinə işləyir. Avropa İttifaqı və ABŞ da artıq ermənilərə status verilməsi məsələsini qabartmır. Demək olar ki, Azərbaycanın şərtləri ilə razılaşıblar”.

Turan Rzayev
Globalinfo.az