Dünya liderləri İlham Əliyevi təbrik edirlər

Rumıniyanın Prezidenti Klaus Verner İohannis Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Globalinfo.az bildirir ki, məktubda deyilir:

“Cənab Prezident!

Ölkənizin milli bayramı – Müstəqillik Gününün qeyd olunması mənə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi, rifah və əmin-amanlıq arzularımı çatdırmaq imkanı verir.

Dövlətlərimiz arasındakı sıx və möhkəm münasibətlər strateji maraqlara söykənir. Bu baxımdan ölkəniz Cənubi Qafqaz regionunda Rumıniya üçün etibarlı tərəfdaşdır. Bu yaxınlarda Bakıya səfərim dövlətlərimiz arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün konkret addımlarla bağlı razılığa gəlmək baxımından çox gözəl fürsət oldu. Səmimi qarşılanmaya və Zati-alinizlə ətraflı müzakirələrə görə Sizə bir daha minnətdarlığımı bildirirəm.

Əminəm ki, biz həm strateji tərəfdaşlıq çərçivəsində mövcud imkanlardan yararlanmaqla, həm də enerji və nəqliyyat kimi sahələrdə regional layihələri inkişaf etdirməklə inkişaf üçün mövcud potensialı istiqamətləndirə və gücləndirə biləcəyik.

Eyni zamanda, Rumıniya Azərbaycan ilə Avropa İttifaqı arasında dialoqun davamlı inkişafına dəstəyini davam etdirəcəkdir.

Cənab Prezident, xahiş edirəm, Sizə olan ən dərin ehtiramımı qəbul edəsiniz”.

X X X

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Globalinfo.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu!

Milli bayram – Müstəqillik Günü münasibətilə Sizi və bütün azərbaycanlıları Belarus xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Siz bu bayramı dahi və müdrik siyasətçi, müasir Azərbaycanın banisi və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin geniş qeyd edildiyi bir vaxtda qarşılayırsınız.

Ölkənizin dinamik inkişaf edən iqtisadiyyatı, regionda açar rolu, beynəlxalq aləmdə artan nüfuzu Sizin atanızın əsasını qoyduğu və tərəfinizdən uğurla davam etdirilən, güclü, suveren dövlətin qurulmasına yönəlmiş yaradıcı kursun düzgünlüyünün danılmaz sübutudur.

Qəti əminəm ki, Minsk və Bakının qarşılıqlı maraqlara və ənənəvi etibarlı dostluq münasibətlərinə əsaslanan strateji tərəfdaşlığı bundan sonra da möhkəmlənərək yeni forma və istiqamətlər üzrə zənginləşəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə və ailənizə səmimi-qəlbdən möhkəm cansağlığı, firavanlıq, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram”.

X X X

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Globalinfo.az xəbər verir ki, mətndə deyilir:

“Zati-aliləri!

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına səmimi salamlarımı və təbriklərimi çatdırıram.

Fürsətdən istifadə edərək, Azərbaycan ilə Gürcüstan arasında tərəfdaşlığın möhkəmlənməsinə şəxsi dəstəyinizə və töhfənizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Bu il xüsusi əhəmiyyət kəsb edir, çünki Azərbaycan xalqı ölkənin tərəqqisi və inkişafında mühüm xidmətləri olan uzaqgörən lider Heydər Əliyevin 100 illiyini qeyd edir.

Əziz dost, əməkdaşlığımızın dövlətlərimiz, xalqlarımız üçün daha böyük uğurlar gətirəcəyini səbirsizliklə gözləyirik.

Sizə sülh, tərəqqi və uğurlarla zəngin gələcək arzulayıram. Qoy Azərbaycan bundan sonra da çiçəklənsin və inkişaf etsin!”

X X X

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

Globalinfo.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident!

Milli bayramınız – Müstəqillik Günü münasibətilə Fələstin Dövləti və xalqı adından, şəxsən öz adımdan Sizə, Sizin şəxsinizdə hökumətinizə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi və arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Allahdan Sizə möhkəm cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər diləyir, ölkənizə və xalqınıza daha böyük tərəqqi və firavanlıq, ölkələrimiz arasında fəxr etdiyimiz əlaqələrin daha da inkişafını arzulayıram.

Xahiş edirəm, ən xoş arzularımı qəbul edin”.

X X X

Tailand Krallığının Baş naziri General Prayut Çan-o-ça Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

Globalinfo.az xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri!

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Tailand Krallığının hökuməti və xalqı adından Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Otuz ildən çoxdur ki, Tailand və Azərbaycan arasında dostluq münasibətləri mövcuddur. Əminəm ki, əlaqələrimiz ölkələrimizin və xalqlarımızın rifahı naminə qarşılıqlı maraq doğuran bütün sahələrdə bundan sonra da möhkəmlənəcəkdir.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

X X X

Gürcüstan parlamentinin vitse-spikeri, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Arçil Talakvadze Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib.

Globalinfo.az xəbər verir ki, Arçil Talakvadze bu münasibətlə Tvitter hesabında paylaşım edib:

“Biz bu möhtəşəm tarixi gün münasibətilə ən xoş arzularımızı və təbriklərimizi çatdırırıq və Azərbaycan xalqına sülh, firavanlıq və tərəqqi arzu edirik”, – deyə Arçil Talakvadze qeyd edib.

X X X

Filippin Respublikasının Prezidenti Ferdinand Romualdez Markos Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Globalinfo.az xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri!

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Filippin xalqı və hökuməti adından Sizə ən səmimi təbriklərimi çatdırıram.

Son üç onillikdə Filippin ilə Azərbaycan arasında səmimi münasibətlər mövcuddur. İnanıram ki, dövlətlərimiz dostluq əlaqələrini gələcək illərdə də davam etdirəcək.

Filippin iqlim dəyişikliyi, enerji təhlükəsizliyi və pandemiyadan sonrakı bərpa kimi ümumi narahatlıq doğuran qlobal çağırışların həllində Azərbaycanla işləməyə hazırdır.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.