Dünya 2023-cü ilə nüvə müharibəsi ilə daxil ola bilər – Rusiya yenə təhdid etdi

Rusiya xarici işlər naziri Sergey Lavrovun ötən gün TASS-a müsahibəsi bir sıra məqamları ilə diqqət çəkib. Belə ki, o, “Nüvə müharibəsinin qalibi ola bilməz və bu, heç vaxt baş verməməlidir. Bu, nüvə güclərinin birbaşa silahlı toqquşması riskini yaradır” deyib.

Lavrovun bu sözləri ikibaşlıdır və ciddi suallar doğrurur.

Maraqlıdır, S.Lavrovun bəyanatından hansı nəticəni çıxarmaq olar? Rusiya nüvə təhdidindən geri çəkilir, yoxsa, əksinə təhdidi təkrarlayır? Qərb təzyiqləri artırsa, nüvə müharibəsi qaçılmaz olacaq?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq İlqar Vəlizadə deyib ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun müsahibəsi zamanı verdiyi mesaj açıqdır:

“Əvvəla, onu deyim ki, Rusiyanın nüvə təhdidindən geri çəkilməsi müzakirə mövzusu belə ola bilməz. Kreml əlindəki əsas təzyiq kartından əl çəkməz. Onun “Nüvə müharibəsinin qalibi ola bilməz və bu, heç vaxt baş verməməlidir” sözləri belə özlüyündə Qərbə açıqca təhdid xarakterlidir.

Lavrovun belə bir açıqlama verməsinin bir digər səbəbi də şübhəsiz son zamanlar ABŞ tərəfinin artan təhdid ritorikasıdır. Bu da azmış kimi Vaşinqton Ukraynaya dəstəyini artırıb. Yeri gəlmişkən, Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-a səfəri də olduqca məhsuldar keçib. ABŞ Konqresi faktiki olaraq növbəti il üçün Ukraynaya əlavə yardım paketini təsdiqləyib.

Lavrov faktiki olaraq ABŞ-a və Qərbə Ukraynaya edilən yardımları xatırladır və bunun yalnız münaqişəni uzadacağını deyir. Münaqişə uzanarsa Rusiya da daha dağıdıcı variantlara əl ata bilər. Yəni Rusiya nüvə silahından istifadə edə bilər. Lavrovun “Bu, nüvə güclərinin birbaşa silahlı toqquşması riskini yaradır” sözləri də bunu təsdiqləyir”.

Turan Rzayev
Globalinfo.az