Dövlət Vətən müharibəsi ilə bağlı film sifariş edib – Nazir

“Vətən müharibəsinə həsr olunacaq filmlə bağlı Mədəniyyət Nazirliyinin qarşısında öhdəlik var”.

Globalinfo.az xəbər verir ki, bunu “Qafqazinfo”ya açıqlamasında mədəniyyət naziri Adil Kərimli bildirib.

Nazirin sözlərinə görə, artıq bununla bağlı təklif də var: “Fikrimcə, 44 günlük zəfər tariximizi daha yaxşı anlayan yalnız özümüzünkülər ola bilər. Bu istiqamətdə artıq fəaliyyətə başlanılıb, konkret addımlar atılıb. Artıq ssenari də var, təqdim olunub. Bu cür ideoloji filmlər adətən dövlət sifarişi əsasında ərsəyə gəlir. Burada da dövlət konkret sifariş verib. Komissiya tərəfindən baxılıb, ssenarinin bütün tərəfləri müzakirə olunub. Artıq sonuncu mərhələdədir”.

Mədəniyyət naziri çəkilişlərin başlanacağı tarixlə bağlı dəqiq vaxtı açıqlaya bilməyəcəyini qeyd etsə də, bildirib ki, bu, yaxın zaman kəsiyində reallaşacaq. Nazir çəkiliş heyətində azərbaycanlı aktyorların yer alacağını əlavə edib.