Kredit borcunu ödədikdən sonra mütləq bunu edin – TƏHLÜKƏ

“Banka borcunuzu ödədikdən sonra 3 il (bankın sizə qarşı iddia müddəti) ötsə belə, ödəniş sənədlərini tullamayın. Yaxud da bankdan sizə qarşı tələbin olmaması (borcunuzun bağlandığı) barədə arayış alın. ASAN Xidmətə gedib Kredit bürosundan kredit tarixçənizi də alıb yoxlayın ki, bank, həqiqətən, ödənişlərinizi borcunuzun bağlanmasına yönəldib”.

Globalinfo.az xəbər verir ki, bu sözləri hüquqşünas Əkrəm Həsənov deyib.

“Məsələn, bir də gördünüz, sizi hüquq-mühafizə orqanına çağırıb dedilər ki, “10 il əvvəl filan banka borcunuz olub, ödəməmisiz”. Siz də cavab verirsiniz ki, ödəmişəm. Müstəntiq təsdiqedici sənəd tələb edir. Deyirsiz ki, tullamışam, bankın tələbi var idisə, 3 il ərzində məhkəməyə müraciət edə bilərdi. Müstəntiq də deyir ki, “xeyr, ödəməmisiniz, sənədiniz də yoxdur, bank da ona görə iddia qaldırmayıb ki, onun hansısa işçisi ilə sövdələşmisiniz, “şapka” vermisiniz və s. və i.a. Ya borcu ödəyin, ya da barənizdə cinayət işi açılacaq”, – ekspert bildirib.

Zaira Akifqızı
Globalinfo.az