Deputatla sayt arasında qalmaqal haqda yeni xəbər

 

Milli Məclisin deputatı Fazil Mustafa sədri olduğu Böyük Quruluş Partiyasının (BQP) yetərincə imza toplaya bilmədiyi üçün bağlana biləcəyi haqda xəbər yayan saytı məhkəməyə verməyə hazırlaşdığını deyib. Eyni zamanda o, partiyanın qeydiyyatı üçün tələb olunan imzaları topladıqlarını vurğulayıb. Deputat bildirib ki, 7 mindən çox imza yığıblar.

Məsələ ilə bağlı Globalinfo.az Fazil Mustafa ilə əlaqə saxlayıb.

O, partiya haqda belə bir informasiyanın yayılmasının əsassız olduğunu bildirib:

“Artıq Qaynarinfo.az saytının əməkdaşları əlaqə saxladılar və bu informasiyanın sadəcə ehtimala dayandığını söylədilər. Amma özləri də bizim fikrimizi öyrənmədiklərinin doğru addım olmadığını vurğuladılar. Danışdıqdan sonra bizim də açıqlamamızı saytlarında yerləşdirdilər. Ona görə də, hər hansı bir məhkəməyə ehtiyac qalmadı. Biz media ilə savaşmaq niyyəti güdmürük. Əsas hədəfimiz məlumatın doğru şəkildə çatdırılmasıdır. Məqsədyönlü şəkildə partiyanın nüfuzuna zərbə vurulmamalıdır”.

F.Mustafa bu qədər üzvü 20 ilə topladıqlarını deyib:

“Onsuz da partiyamızın 5 mindən çox üzvü var idi. Sənədləşmə işləri qanunvericiliyin tələblərinə uyğun olaraq dəyişdirilməlidir. Yəni burada mütləq mobil telefonlar, şəxsiyyət vəsiqəsində dəqiqləşdirmələr, yaşayış ünvanı dəqiq göstərilməli idi. Bütün üzvlərin siyahısını hazırladığımız dönəmdə bölgələrdən əlavə müraciətlər də oldu. Amma dediyim kimi – təməl olaraq 5 mindən artıq üzvümüz var idi.

Sənədləşmədən sonra yenidən hesablama apardıq və 7 mindən artıq üzvün olduğunu öyrəndik. Bunu Ədliyyə Nazirliyinə təqdim etdik. Dediyim o 7 mindən çox şəxsin sənədləri sistemli şəkildə, elektron qaydada tam hazır vəziyyətdədir. Əlavə olaraq 3 minə yaxın üzvün sənədlərinin də “Siyasi partiyalar haqqında” yeni qanunun tələblərinə uyğunlaşdırılması istiqamətində işlər davam etdirilir”.

Deputat partiyanın 20 illik tarixinin olduğunu qeyd edib:

“20 il ərzində 65 rayonda təşkilatımız fəaliyyət göstərir. Biz yeni nəsə yaratmamışıq, qanunvericiliyin tələbinə uyğun olaraq yeni qanun qəbul edilən gündən sənədləri yeniləmişik. Maddələr üzrə nə tələb olunubsa, ona uyğun layihə hazırlamışıq. Dəyişiklikləri qurultayda təqdim edəcəyik”.

Qeyd edək ki, “Siyasi partiyalar haqqında” Qanunun tələblərinə görə partiyaların qeydiyyata alınması üçün minimum 5000 üzvü olmalıdır.

Zaira Akifqızı
Globalinfo.az