Deputatın milyon yarımlıq təklifinə Rəşad Məciddən reaksiya: “Soyuqqanlı yanaşmaq lazımdır”

Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov sistemli pul ayrılmasa qəzetin fəaliyyətini dayandıracağını bildirib. O, qəzetə hər il ən azı 1,5 milyon manat maliyyə yardımı göstərilməli olduğunu deyib.

Deputatın bu sözləri sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Bir qisim onun fikirlərinin başadüşülən olduğunu qeyd etsə də, digər qisim bu çıxışı birmənalı qarşılamayıb.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid ölkəmizdə çap mediasının hazırkı vəziyyətindən söz açıb:

“Məlumdur ki, yazılı mətbuat hazırda çətin dövrlərini yaşayır. Bu mənada Bəxtiyar Sadıqovun dediklərinə soyuqqanlı yanaşmaq lazımdır. Çünki indi qəzet satışı, demək olar ki, azalıb, reklam bazarı qıtdır. Orada dövlət satınalmaları haqqında qanunla bağlı da fikrini bildirib. Əvvəllər dövlət qurumları tender elanlarını rəsmi qəzetlərin birində dərc etdirirdilər. Bu da həmin qəzetlərə xeyli dərəcədə maliyə şəraiti yaradırdı.

Həqiqətən də rəsmi qəzetlərdə işçilər çox olur, əməkdaşları gecə yarısına kimi çalışırlar, çox zəhmət çəkirlər. “Azərbaycan” qəzetində peşəkar jurnalistlər çoxdur. Bəxtiyar Sadıqov real vəziyyəti görərək həm də jurnalistlərin gələcək taleyindən narahatdır”.

Bəxtiyar Sadıqov 

R. Məcid yeni mediada peşəkar jurnalist fəaliyyətinin vacibliyinə diqqət çəkib:

“Sirr deyil ki, indi yeni media daha dinamik və yaradıcıdır. Bu mənada parlament sədrinin də dediyi kimi fəaliyyəti zamanın tələbləri səviyyəsində qurmaq lazımdır. Xüsusilə indi formasını dəyişən çap məhsullarının yeni dövrdə daha sərfəli hansı formada fəaliyyət göstərəcəyini düşünmək lazımdır.

Hesab edirəm ki, peşəkar jurnalistikamız bu çətin dövrlərdən alnı açıq çıxacaq. İndi sosial və yeni mediada jurnalistikaya iddia edən ayrı-ayrı çox sayda şəxslər hesab edirlər ki, bu gün gündəmi onlar yaradırlar. Amma bu, səhv təsəvvürdür. Peşəkar jurnalistlərimizin 148 yaşı tamam olacaq Azərbaycan mətbuatında gördüyü işlər hörmətə layiqdir. Bundan sonra da peşəkar jurnalistika ölkəmizdə öz sanballı yerini qoruyub saxlayacaq”.

Qeyd edək ki, Milli Məclisin spikeri Sahibə Qafarova Bəxtiyar Sadıqovun çıxışına cavab olaraq bildirib ki, Milli Məclis son üç ildə hər zaman qəzetə dəstək olub, “Azərbaycan” qəzeti də iş prosesini zamanın tələblərinə uyğun qurmalıdır.

Ayşən Mustafa
Globalinfo.az