Deputat Tehran-İrəvan memorandumunu iki şəhərin bacılaşması adlandırdı

“Bildiyiniz kimi, İrəvan merinin İrana səfəri çərçivəsində imzalanan memoranduma əsasən İrəvan və Tehran bacı şəhərlər elan edildi. Əlbəttə, İran və Ermənistan formal da olsa beynəlxalq hüququn müstəqil subyektləridir”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında millət vəkili Bəhruz Məhərrəmov İrəvan meri Qraçya Sarkisyan və Tehran meri Əlirza Zakaninin “qardaşlıq” müqaviləsi imzalaması haqda danışarkən deyib.

Deputat bildirib ki, konstitusiyamızın 10-cu maddəsində ifadə etdiyimiz kimi, Azərbaycan Respublikası da başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur:

“Yəni biz beynəlxalq hüququn bütün ümumtanınmış prinsiplərinə, o cümlədən “dövlətlərin daxili işinə qarışmamaq” öhdəliyinə sadiqik və Tehranla İrəvanın bacılaşmasını bu ölkələrin daxili işi hesab edirik. Lakin eyni zamanda onu da qeyd etmək zəruridir ki, əməkdaşlıq, ikitərəfli əlaqələr İran və Ermənistanın suveren hüquqları olsa da, onların beynəlxalq müstəvidə öhdəlikləri var ki, müttəfiqlikləri, əlaqələri, üçüncü dövlətlər və bütövlükdə region üçün təhdid törətməməlidir. Amma ən azı son 32 illik təcrübə onu deməyə əsas verir ki, İran-Ermənistan müttəfiqliyi təcavüzkar hərbi-siyasi ittifaq xarakteri daşıyır. Bu münasibətlər 30 il işğal və təcavüz status-kvosunun qorunmasına xidmət edib”.

Millət vəkili deyib ki, Prezident İlham Əliyev bu tendensiyanı Vətən müharibəsində darmadağın etdikdən sonra İran-Ermənistan cütlüyü Qarabağ iqtisadi rayonunda separatizm meyllərinin ömrünü uzatmaq üçün ciddi birgə səylər göstərdilər:

“Bu səylər də fiaskoya uğradıqdan sonra hazırda Tehran-İrəvan bacıları bölgədə sülh və sabitliyin təmin olunmasına, beynəlxalq hüququn ən vacib prinsiplərindən olan “dövlətlərin əməkdaşlığı” prinsipinin Cənubi Qafqazda realizəsinə ciddi maneəyə çevrilməyə çalışırlar.

Məsələn, fars-erməni cütlüyü hər vəchlə Zəngəzur dəhlizinə qarşı çıxır, amma proseslərin gedişi cəhdlərin əbəs olduğunu göstərir. Yəni müşahidə edilən odur ki, İran və Ermənistan arasında istənilən yaxınlaşmanın təməlində heç vaxt xoş məram, sosial rifah, iqtisadi məqsəd dayanmayıb. Bu mənada Tehran-İrəvan bacılaşmasının da yeganə siyasi-hüquqi nəticəsi hər iki şəhərdə terrorçu və təcavüzkar mühitə rəvac verən, hüquqazidd təsirlərə səbəb olacaq birgəfəaliyyət ola bilər.
İkinci vacib məqam, Tehran əhalisinin böyük bir qisminin Azərbaycan türkləri olmasını nəzərə alsaq, indiki həssas dönəmdə İrəvanla bacılaşma prosesi molla rejiminin Cənubi Azərbaycandakı soydaşlarımıza yönəlik həmləsi, oradakı azərbaycanlıların təhqir edilməsinə hesablanıb. Hesab edirəm ki, cənublu soydaşlarımız məsələ ilə bağlı mövqelərini sərt şəkildə dilə gətirməlidir”.

B.Məhərrəmov deyib ki, biz fəaliyyətimizi İran-Ermənistan münasibətləri ilə tənzimləmirik:

“Amma arzuolunandır ki, İranla sərhəd boyu yerləşən yaşayış məntəqələrimizin hamısı, başda təmsil etdiyim Biləsuvar olmaqla, Türkiyənin, İsrailin və Səudiyyə Ərəbistanın şəhərləri ilə qardaşlaşsın. Araz sahili boyunca və bütövlükdə cənub sərhədlərimiz boyu qardaşlaşılan şəhərlərin mədəniyyəti və tarixini təbliğ edən mərkəzlər açılsın və bu mərkəzlərin binasında Azərbaycan bayrağı ilə qoşa ucalan Türkiyə, İsrail, Səudiyyə Ərəbistan bayraqlarını hər kəs görüb qardaşlaşma və bacılaşmanın fərqini hiss etsinlər.

Sonda bir məqamı da qeyd edək, media bəzən Tehran-İrəvan memorandumunu “qardaşlaşma” kimi təqdim edir, lakin, nəzərə alaq ki, imzalanma mərasimindən paylaşılan rəsmi fotolarda “Sister city Signing Ceremony between Tehran and Yerevan” ifadəsi yer alıb”.

Zaira Akifqızı
Globalinfo.az