Yay mövsümündə dənizdə, kanalda, göldə batma hadisələri artır. Yay gələr-gəlməz artıq bir neçə gənc suda boğularaq həyatını itirib.
Oxşar hadisə dünən səhər saatlarında Bakı şəhəri, Xəzər rayonunun Zirə qəsəbəsi yaxınlığında yerləşən nəzarətsiz ərazidə baş verib. Belə ki, 3 nəfər yeniyetmənin suda boğulduğu bildirilir. Bu faciənin qarşısını necə almaq olar?
Mövzunu Globalinfo.az-a şərh edən təhlükəsizlik eksperti Orxan Musayev deyib ki, hər dəfə çimərlik mövsümünün gəlişi ilə əlaqədar olaraq, dəfələrlə həm onlar, həm də Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən maarifləndirmə və digər məlumatlar paylaşılır.
Onun sözlərinə görə, bu məlumatların əsas mahiyyəti ondan ibarət olur ki, nəzarətsiz çimərliklərdən çimmək məqsədi ilə istifadə edilməsin:
“Bu çimərliklərdə hər hansı bir boğulma riski yaşanarsa, xilasedicilər tərəfindən müdaxilə etmək mümkün olmayacaq. Çünki nəzarətsiz çimərliklərdə xilasetmə xidməti təşkil olunmur. Amma təəssüf ki, səhlənkarlıq və ehtiyatsızlıq səbəbindən insanlar hələ də nəzarətsiz çimərliklərdən, xüsusi kanallardan, göllərdən çimmək üçün istifadə edirlər. Bu da əksər hallarda boğulmalara gətirib çıxarır”.
Orxan Musayev
Ekspert deyib ki, statistikalara nəzər salsaq görərik ki, nəzarət olunan çimərliklərdə boğulma halları yox dərəcəsindədir:
“Əgər orada kimsə suda boğulsa, xilasedicilər dərhal müdaxilə edir. Çünki həmin çimərlik kimi istifadə olunan ərazilərdə səhər saat 9-dan axşam 20:00-ə qədər xüsusi xilasetmə xidməti təşkil olunur. Bundan başqa, nəzarət olunan çimərliklərdə xüsusi təhlükəsizlik lövhələri yerləşdirilir. Orada baryerlər quraşdırılıb ki, məsafəni keçmək olmaz və s. İnsanlar kənara keçdikdə artıq onlara xəbərdarlıq edilir və bunun qarşısı alınır. Lakin nəzarətsiz çimərliklərdə saydıqlarımın heç biri yoxdur. Ona görə də insanların boğulma riski daha yüksəkdir. Hətta nəzarət olunan çimərlikərdə çimməyin təşkil olunmasından daha öncə suyun alt qatı xüsusi daşlardan, insanlara xəsarət yetirəcək hər hansı bir əşyadan təmizlənir və suyun dərinləşmə kəskinliyi yoxlanılır. Amma nəzarətsiz çimərlikərdə ola bilər ki, suya daxil olduqda dərhal dərinləşmə baş versin. Bu səbəbdən də heç bir halda nəzarətsiz çimərliklərdən istifadə olunmamalıdır”.
Orxan Musayev dünən dənizdə batan yeniyetmələrlə bağlı süjeti izlədiyini bildirib:
“Görünən odur ki, valideyn özü uşaqları gətirib nəzarətsiz çimərliyə, orada qoyub və gedib. Hər kəs bilməlidir ki, nəzarətsiz çimərliklərdə çimmək qadağandır! Ən azından insanlar lövhələrə fikir versələr, həmin çimərliklərdən istifadə etməzlər. Amma reallıq ondan ibarətdir ki, xəbərdarlıq lövhələrinə önəm verən olmur və insanlar hələ də nəzarətsiz çimərliklərdən istifadə edərək öz həyatlarını riskə atırlar”.
Zaira Akifqızı
Globalinfo.az