Türk liderdən mühüm Qarabağ həmləsi – Elə bir tarixdə ki…

Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 24-25-də Azərbaycana baş tutacaq səfəri çərçivəsində Ağdama gedəcəyi, Xıdırlı kəndində məktəbin təməlini qoyacağını deyib. Bu, artıq 3-cü türk prezidentdir ki, Qarabağa gedir və orada təhsil müəssisəsinin təməlini qoyur. Bundan öncə analoji addımı Özbəkistan və Qazaxıstan prezidentləri də atmışdı.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Ramiz Alıyev deyib ki,  Sadır Japarovun Qarabağa səfəri və Xıdırlı kəndində məktəbin təməlini qoyması türkdilli dövlətlərin, Azərbaycana dost ölkələrin mövqeyini açıq-aşkar bildirməsidir:

“Qazaxıstan və Özbəkistan liderləri də bu qəbildən addımlar atmışdılar. Prezident İlham Əliyevin andiçmə mərasimində söylədiyi kimi, Azərbaycana başqa bir ailə lazım deyil, türkdilli qardaşları ilə birgə addım atacaq. Türkdilli dövlətlərin növbəti qeyri-rəsmi görüşünün Şuşada keçirilməsi olduqca əhəmiyyətlidir. Çünki Şuşa Azərbaycanın və türkdilli dövlətlərin mədəniyyət paytaxtıdır”.

Politoloqun fikrincə, bu görüş həm də dünyaya mesajdır:

“Orta Asiyadakı türkdilli dövlətlərin dünyada və bölgədə böyük söz sahibliyi var. Gedən enerji layihələrində həmin ölkələrin də rolu danılmazdır.

Qırğızıstanın yaxın olduğu ölkələrdən biri də Çindir. Böyük İpək yolunun üzərində olan türkdilli dövlətlərin bu gün birgə addım atması, problemləri bərabər həll etməsi, hərbi gücün artırılması istiqamətində fəaliyyət gedir. Türkiyə Qırğızıstanda hərbi sənayenin inkişaf etdirilməsi üçün maliyyə vəsaitləri ayırıb. Azərbaycan türkdilli dövlətlərlə bəzi layihələr həyata keçirir, investisiya qoyur”.

R.Alıyev qeyd edib ki, iqtisadiyyatın inkişafı naminə Türkiyə və Azərbaycan böyük addımlar atır:

“Görünür, beynəlxalq təşkilatlarda birgə fəaliyyət göstərəcəyik. Bu, türkdilli dövlətlərin daha da güclənməsinə səbəb olacaq. Gələcəkdə Şimali Kiprin müstəqil dövlət kimi tanınması da istisna deyil”.

Safura Bənnayeva
Globalinfo.az