Daha bir qadına qarşı cinayət: Şəmkirdə kişi arvadını güllələdi – Həbs edildi / YENİLƏNİB

Şəmkirdə həyat yoldaşını güllələyən şəxs saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Şəmkir Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, iyulun 7-i saat 21:30 radələrində Şəmkir rayon sakini 1999-cu il təvəllüdlü Zəhra Əhmədovanın xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 1990-cı il təvəllüdlü Əfsun Əhmədovun rayonun Çinarlı qəsəbəsində yerləşən yaşayış evində arvadı Zəhra Əhmədovaya ov silahı ilə atəş açaraq onu öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Əfsun Əhmədov iş üzrə şübhəli şəxs qismində tutulub.

Fakta görə Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

***

Şəmkir Rayon Polis Şöbəsinə rayon sakini olan qadının odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə məlumat daxil olub. 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Globalinfo.az-a bildirib ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib.

İlkin araşdırmalar zamanı hadisəni qadını həyat yoldaşı 1990-cı il təvəllüdlü Şəmkir rayon sakini Əfsun Əhmədovun ov tüfəngi ilə yaralaması məlum olub.

Yaralı xəstəxanaya yerləşdirilib, cinayəti törətməkdə şübhəli bilinən şəxsin yerinin müəyyən olunaraq istintaqa təhvil verilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.