Dağıstanda izdiham: Etirazçılar hava limanından çıxarıldı – VİDEO / YENİLƏNİB

Aksiya iştirakçıları Mahaçqala aerodromundan çıxarılıblar.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

“Mahaçqala aerodromu oraya icazəsiz daxil olan şəxslərdən təmizlənib. Hava limanı noyabrın 6-sı saat 02:59-dək (ilkin olaraq) təyyarələr üçün bağlı olacaq”, – deyə məlumatda qeyd olunub.

***

Mahaçqalada hava limanı izdiham səbəbindən bağlanıb. Nijnevartovsk və Moskvadan gələn təyyarələr hava limanına eniş edə bilmir.

“Telegram” kanallarında bu barədə yayılan videolardan aydın görünür ki, İsraildən gələn təyyarəyə etiraz edən dağıstanlılar polis müdaxiləsinə baxmayaraq, Mahaçqaladakı hava limanına daxil olublar.

Etirazçılar təyyarədəki yəhudilərin Dağıstana enməsinə imkan vermirlər və İsrail əleyhinə şüarlar səsləndirirlər.

***

Dağıstanın paytaxtı Mahaçqalada hava limanında izdiham yaşanır.

Globalinfo.az Teleqram kanallarına istinadən xəbər verir ki, izdihama səbəb İsraildən enməsi planlaşdırılan təyyarədir.

Belə ki, yüzlərlə Dağıstan sakini İsraildən gələn təyyarənin enməli olduğu “Kaspiysk” Hava Limanı yaxınlığında toplaşıb.

“İnsanlar əllərində “Dağıstanda uşaq qatillərinə yer yoxdur” yazılan plakatlar tuturlar”, – deyə “Teleqram”da yayılan məlumatda bildirilir.

Kütlə İsraildən gələn şəxsləri müəyyən etmək üçün sərnişinlərin sənədlərini yoxlayırlar.

Polis toplaşanlara müdaxilə etmir. Bununla yanaşı, Kaspiysk və Mahaçqalada polis nəzarəti gücləndirilib.