Çin İsraili “vurdu” – Pekin Fələstinin müdafiəsinə qalxdı

Beynəlxalq Ədalət Məhkəməsinin Haaqada keçirilən iclasında Çin Xarici İşlər Nazirliyinin hüquq müşaviri Ma Sin-Min deyib ki, Fələstinin İsrail işğalına qarşı silahlı müqaviməti qanunidir. O vurğulayıb ki, bu hərəkətlər işğala, müstəmləkəçiliyə və imperializmə qarşı yönəldiyi üçün terror sayılmır. İndiki məqamda Çinin mövqeyi diqqət çəkir.

Rəsmi Pekinin bu mövqeyi nədən xəbər verir? Bu, İsrail-Çin münasibətlərinə zərər vuracaq?

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, dünyada sürətli qütbləşmə gedir:

“Belə olan halda dünya dövlətləri öz mövqelərini ortaya qoymalıdırlar. Pekin bu qərarında, yəqin ki, Moskvanın da maraqlarını nəzərə alıb.

Məsələ ondadır ki, Şərqi Avropadakı vəziyyətlə bağlı Rusiya və ABŞ-ın mövqeləri üst-üstə düşmür. Çin isə Rusiya ilə daha yaxşı münasibətlərə sahibdir. Pekinlə Vaşinqtonun ulduzları isə heç bir halda barışmır.

Çin XİN rəsmisinin açıqlaması əslində Fələstinlə İsrail arasında yox, Rusiya ilə ABŞ arasında seçimin təzahürüdür. Böyük ehtimalla bunu İsrail də bilir. Buna görə də Pekin-Təl-Əviv xəttində ciddi narazılığın olacağını düşünmürəm. Olsa belə, bu, təbii qarşılanacaq.

Bütün tərəflər, o cümlədən Çinlə İsrail də bilir ki, bu, yaranmaqda olan yeni dünya nizamının tələbidir. Ən önəmli məsələ isə Pekin Fələstinə, yada Qəzzaya silah yardımı etmədiyi təqdirdə bu açıqlamalar Təl-Əvivi narahat etmir”.

Turan Rzayev
Globalinfo.az