Cəlilabadın Göytəpə şəhərinin Baş planının təqdim edildi

Cəlilabad rayonunun Göytəpə şəhərinin Baş planının təqdimatı olub.

Rayon İcra Hakimiyyətindən Globalinfo.az-a verilən məlumata görə, təqdimatda Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, aparat əməkdaşları, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma və ərazinin inkişaf şöbəsi müdirinin müavini, Baş planı hazırlayan şirkətin nümayəndələri iştirak ediblər.

Rayon İcra Hakimiyyəti başçısının birinci müavini çıxış edərək Cəlilabad rayonunda 2 şəhər, 118 kənd olduğunu və Göytəpəyə 1976-ci ildə şəhər statusunun verildiyini bildirib. Sosial, iqtisadi və demoqrafik quruluş çərçivəsində şəhərin regional yerləşməsi və əlaqələri, əhalisi, iqtisadi və sosial strukturu şəhərin baş planını hazırlayarkən araşdırılır və son nəticədə gələcək regional rol, əhali və iqtisadi struktur planlaşdırma üçün əsas kimi müəyyən edilir. Göytəpə şəhəri ərazisinin müasir istifadə planının, şəhərətrafı ərazinin hazırlanması, ərazinin kompleks qiymətləndirilməsi, nəqliyyat, su təhcizatı və kanalizasiya, yağış kanalizasiya, qaz təhcizatı, istilik təhcizatı, elektrik təhcizatı sxemlərinin kompleks hazırlanması zərurətinin yarandığını və Göytəpə şəhərində görüləcək hər bir işin Baş plana uyğun aparılacağını qeyd edib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma və ərazinin inkişaf şöbəsi müdirinin müavini qeyd edib ki, Göytəpə şəhərinin Baş planı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişinə əsasən dövlət büdcəsi hesabına işlənilib. Tərtib olunan planın yekun layihəsi Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun hazırlanıb.