Bakını tıxacdan xilas etməyin əsas yolu – TƏKLİF

Təhsil ocaqlarının açılmasına, insanların məzuniyyətdən dönməsinə sayılı günlər qalıb. Bu o deməkdir ki, paytaxt Bakıda uzun tıxaclar yaranacaq.

Maraqlıdır, tıxac problemi niyə həllini tapmır?

Məsələ ilə bağlı Globalinfo.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, tıxac məsələsi çox aktual və problemli bir mövzudur.

O bildirib ki, tıxacın qısa müddətdə həll ediləcəyi inandırıcı deyil:

“Tıxacı aradan qaldırmaq üçün ilk növbədə ictimai nəqliyyat – taksidən tutmuş, rayon və şəhərlərarası avtobusa, dəmiryoluna, tramvay xətlərinə qədər – inkişaf etdirilməlidir. Problemlərin hamısı ictimai nəqliyyatı özündə ehtiva edir. Bu sahədə inkişaf olsa, irəliləyişə nail ola bilərik”.

Elməddin Muradlı

E.Muradlı deyib ki, yol infrasturkturumuz yaxşı vəziyyətdə deyil:

“İnfrastruktur yaxşı qurulmayıb, təkmilləşdirilməyib. Bu problemlər varkən “məsələ qısa müddətdə həll olunacaq və ya yolları genişləndirsək, hər şey düzələcək” desək, yanlış olar. Çünki elə təcrübəsiz sürücülər var ki, birinin səhvinə görə saatlarla tıxacda qala bilirik.

Qanun qarşısında hər kəsin bərabərliyi təmin olunmalıdır. Heç kəs məsuliyyətdən yayınmamalı, kiminsə obyektinin qarşısında parklanmaya icazə verilməməlidir. Nə vaxt ki hamı öz məsuliyyətini dərk edəcək, o zaman dəyişikliklərin şahidi olacağıq”.

Zaira Akifqızı
Globalinfo.az