Bu tarixdə Atatürk yunan ordusunu məğlub edib, Əliyev erməniləri

“Laçının işğaldan azad edilməsi çox ciddi və tarixi bir hadisə idi”.

Bu sözləri Globalinfo.az-a deputat Hikmət Babaoğlu Prezident İlham Əliyevin Laçın şəhərinə səfəri və “Laçın şəhər günü” ilə bağlı keçirilən tədbirdə çıxışı haqda danışarkən deyib.

Hikmət Babaoğlu

Onun sözlərinə görə, 26 avqust Böyük Səlcuq sultanı Alparslanın Malazgirt savaşında qələbə qazandığı tarixi bir gündür:

“Hansı ki, bu qələbə türklərə Anadolunun qapılarını açdı.

26 avqust həm də Türkiyə cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün yunan ordularına qarşı böyük hücuma başladığı gündür. Hansı ki, bu hücum sonrası türk qoşunları tarixi qələbə qazanaraq cümhuriyyətin varlığını dünyaya isbat etdirdi.

26 avqust Laçın şəhərinin düşmən işğaldan azad edildiyi gündür. Hansı ki, bu gün artıq həm də “Laçın şəhər günü” kimi qeyd edilir.

Laçının işğaldan azad edilməsi çox ciddi və tarixi bir hadisə idi. Çünki Laçın bütöv Zəngəzurun qapısıdır. Bu baxımdan deyə bilərik ki, biz mühüm bir tarixi hadisəyə şahidlik edirik. Bu, əslində ilk ümummilli sevinc günü idi.

Bir neçə il öncə Laçının, Zabuxun azad edilməsinə şübhə ilə yanaşanlar, inanmayanlar bu gün müasir abadlaşdırılmış Laçını və orada keçirilən şəhər gününün qeyd edildiyini görür.
Prezident İlham Əliyev çıxışı zamanı bir daha ordumuzun, xalqımızın gücünə, birliyinə vurğu edərək bu tarixi günün qələbəni məhz bu birlik-bərabərlik ilə əlaqələndirdi.

Ölkə başçısı Laçında bir daha bəyan etdi ki, biz bir qarış belə olsun torpağımızı kiməsə güzəştə getməyəcəyik”.

Müşfiq Cəfərov

Millət vəkili Müşfiq Cəfərov isə deyib ki, son illər ölkə başçısının həm daxili, həm xarici səfərləri intensivləşib:

“Bu da Prezident İlham Əliyevin xarici və daxili siyasətinin güclənməsindən xəbər verir. Bu gün nəinki Qarabağ, hətta bütün regionlar birbaşa ölkə başçısının nəzarəti altındadır desək yanılmarıq. Artıq 3 il olacaq ki, müharibə bitib və bəlkə də dünya tarixində görünməyən sürətlə vəhşi qonşularımızın xarabalığa çevirdiyi Qarabağ nəinki bərpa olub, hətta sahiblərinə təhvil verilib. Cənab Prezidentin adət halını almış bu səfərləri Qarabağa həyat bəxş etdi. Ölkə başçısı bütün işlərə sanki özü nəzarət etdi. Cəmi 9 aya Laçın bərpa olundu. Bu da Azərbaycan dövlətinin prinsipiallığından və sabitqədəmliliyindən xəbər verir.

İndi Qarabağın sosial-iqtisadi inkişafı üçün ciddi bazalar, infrastruktur yaradılır. Azərbaycan postmüharibə dövründə təkcə abadlıq-quruculuq işləri ilə məşğul olmadı. Bu qısa müddətdə həm erməni separatçılığı ilə mübarizə aparılıb, həm beynəlxalq aləmin təzyiqləri qarşısında tab gətirilib, həm də diplomatik cəbhədə böyük uğurlar qazanılıb. Həqiqətən Azərbaycan hakimiyyətinin uzaqgörənliyi Ermənistan rəhbərliyinin Qarabağla bağlı bütün planlarını alt-üst etdiyi kimi artıq ümidlərini də məhv edib. Bu qayıdışlar təkcə zəfərin, qalibiyyətin təntənəsi deyil, həm də Azərbaycan xalqının gələcəkdəki hüquqlarının da qorunmasıdır.

Mən deyərdim ki, iki gün öncə Laçında təşkil olunan bayram tədbiri, atəşfəşanlıq, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın insanlarla səmimi söhbəti uzun müddət yaddaşlardan silinməyəcək. Bu gün məcburi köçkünlərlə görüşdə dövlətimizin başçısının Müzəffər Ali Baş Komandan kimi Laçın şəhərində öz evlərində məskunlaşmış laçınlılar qarşısında çıxış etməsi Azərbaycan dövlətinin tarixinin ən böyük qürur salnaməsidir. Prezidentin Laçına səfəri zamanı sakinlər qarşısında çıxışı, verdiyi siyasi mesajlarda müharibədən sonra Azərbaycanın güclənən mövqeyini bir daha ifadə etdi. Açıq şəkildə bəyan etdi ki, heç kim bizim iradəmizə təsir edə bilməz. Bu gün dünya Azərbaycan həqiqətlərini qəbul edir. Mən deyərdim ki, işğaldan azad olunan ərazilərdə aparılan quruculuq işləri, müşahidə olunan canlanma dünya dövlətlərinin, beynəlxalq təşkilatların da diqqətindən yayınmır”.

Turan Rzayev
Globalinfo.az