Bizi narahat edən məqamlar var – Nazir

“Mədəniyyət sahəsində bir sıra boşluqlar var. Bəzi sistem həlləri var ki, onu Mədəniyyət Nazirliyinə gətirməkdə israrlıyıq”.

Globalinfo.az xəbər verir ki, bunu “Qafqazinfo”ya müsahibəsində mədəniyyət naziri Adil Kərimli bildirib.

Nazirin sözlərinə görə, bu sistem boşluqları aradan qaldırmağa kömək edəcək: “Bunlardan biri də idarəetmə sahəsindəki boşluqlardır. Bunlar bizi çox narahat edir. Bundan əlavə, cənab Prezidentin tapşırığına uyğun olaraq, yeni mədəniyyət konsepsiyası hazırlanıb. Bu da mədəniyyətimizi müasir formada yaşatmağa böyük fayda verəcək”.

Nazir bölgələrdə baxımsız vəziyyətdə qalmış mədəniyyət obyektləri ilə bağlı sualımızı da cavablandırıb: “Mədəniyyət sahəsində yeni infrastrukturun formalaşdılması ilə bağlı işlərə başlamışıq, çünki yeni məzmun köhnə binalarda təklif oluna bilməz. Bunlar orada yaşayan insanlara maraqlı olmalıdır”.

Adil Kərimli “Baxımsız qalan mədəniyyət obyektlərinə görə məsuliyyəti kim daşıyır” sualına isə belə cavab verib: “Bu, ola bilər ki, zamanla idarəetmə sahəsindəki boşluqlardan qaynaqlanıb. Amma buna yanaşma birtərəfli ola bilməz. Məsələyə qlobal yanaşılmalıdır. Əsas sual budur ki, bu gün onları təmir etmək dövlət üçün faydalıdırmı, yoxsa yox. Təmir edildikdən sonra həmin obyektdən yararlanılmayacaqsa, buna dövlətin vəsaiti gedəcək. Əgər bu gün mədəniyyət sahəsindəki xidmətləri təqdim etmək üçün o binalar yararsızdırsa, biz bunun yeni formada təqdim edilməsi halını düşünürük”.