Bu adət-ənənələri qorumağın sirri açıqlandı – ekspertlər maraqlı təklif irəli sürür

adet

Dünya xalqlarının özünəməxsus adət-ənənəsi var və bu ənənələr nəsildən-nəslə ötürülür. Təbii ki, Azərbaycan xalqının da milli adət-ənənəsi çoxdur. Bu günlərdə qeyd etdiyimiz Novruz Azərbaycan xalqının qədim bayramlarındandır. Bu bayram öncə yazın gəlişindən xəbər verir.

Bundan başqa bayram öz ritualları, ənənələri ilə zəngindir. Belə ki, həmin günlərdə Azərbaycan mətbəxinə aid təamlar hazırlanır, qonaq gedilir, küsülülər barışır, uşaqlar evlərə papaq atır, gənc qızlarımız qulaq falına çıxır, məhlələrin öz keçəli, kosası olur və s. Lakin zaman keçdikcə biz bu ənənələrin yoxa çıxmasının şahidi oluruq. Maraqlıdır, hansı ənənələrimiz bu gün sıradan çıxıb?

Globalinfo.az-a danışan tarixçi alim Zaur Əliyevin fikrincə, Azərbaycan adət-ənənələrinin yoxa çıxması prosesi bu günün söhbəti deyil.

Onun sözlərinə görə, uzun zamandır ki, milli dəyərlərimiz itirilməkdədir:

“Məhəllələrdə, kəndlərdə, qəsəbələrdə, rayonlarda və sonradan şəhərlərdə görürük ki, əvvəlki dövrə nisbətən nəinki adət-ənələrimiz, hətta milli dəyərlərimiz də sıradan çıxır. Biz indi gözəl bir ayda yaşayırıq, bu ay qədim inanclara görə yeni il ayı sayılır və bu ayda əsrlərdir davam edən Novruz bayarmı var… Novruz ilə bağlı da gegionlarımızda müxtəlif cür adətlər mövcuddur. Məsələn, Qarabağ zonasında Novruz bayramı yox, ilaxır çərşənbə daha çox qeyd olunur, Mingəçevirdə 40 gün ərzində ocaq qalanır, Bakıda demək olar, hər gün ocaq yandırılır, papaq atılırdı.

Artıq bu adətlərimiz sıradan çıxmağa başlayır. Təsəvvür edin, əvvəllər yanvar ayından başlayaraq qonşularla yığışıb, bayramı hansı formada keçirəcəklərini qeyd edərdilər. Hətta yadıma gəlir ki, Qarabağın əksər bölgələrində kənd camaatı yığışırdı və çərşənbələri, Novruz bayramını birlikdə məhlədə çadır qurub qeyd edərdi. Orada oyunlar oynanılırdı, kəndin ağsaqqalları küsülüləri barışdırırdı, kəndin, qəsəbənin inkişafı üçün maddi dəstək toplanırdı. Əgər kimsə kəndə zərər vurubsa, kiminsə xətrinə dəyirsə və ya hansısa qanunu pozubsa, onu ayağından asırdılar və zarafatyana müxtəlif “cəzalar” verirdilər”.

zaur eliyev

Zaur Əliyev

Tarixçi deyib ki, daha əvvəl bölgələrimizdə adət var idi ki, qızlar bayramdan öncə xüsusi paltarlar tikdirirdilər, oğlanlar xüsusi geyim alırdılar:

“Həddi buluğa çatmış, evlənmək yaşında olan gənclər bayramda bir-birlərinə torba atardılar, eyni zamanda kasıbların evlərində ocaq yanmırdısa, bütün varlı adamlar gəlir həmin qapının ağzına gizli şəkildə pay qoyub gedirdilər. Təsəvvür edin, Bakı və Azərbaycanın digər yerlərində imkansız ailələrin qapıları heç vaxt boş qalmazdı, hər kəs kasıblara şirniyyata qədər aparıb verərdi. Bundan başqa bayram adətlərdən biri də bu idi ki, uşaqlar kollektiv şəkildə odun toplamağa gedirdilər və gəlib məhlədə tonqal qalayırdılar. Bəzi rayonlarımızda insanlar küçəyə çıxır, hamı bir-biri ilə görüşür, salamlaşır, küsülülər barışırdılar. Təəssüf ki, bunların böyük bir hissəsi artıq unudulub.

Bayram öncəsi konsertlər keçirilirdi və camaat ora yığışırdı. Demək olar, hər kəs səhərə qədər bir yerdə ocağın başında toplaşırdılar, orada kartof külləməsi bişirirdilər. Novruz bayramı ilə bağlı çox adətlərimiz var ki, hazırda ondan əsər-əlamət qalmayıb. O illərdə gənclər bayram günlərində müxtəlif oyunlar oynayardılar. Məsələn, dirədöymə-kəmər oyunu var idi, bir-birimizi kəmərlə vurardıq. Onun ağrıları bədəndə qalırdı. Buna baxmayaraq gənclərimiz bu oyunu adətə çevirmişdilər. Bundan başqa, bənövşə oyunu oynayardılar”.

Zaur Əliyevin dediklərinə görə, Novruz bayramı həm də barışmaq üçün bir fürsətdir:

“Qız qoşulub qaçanda ailəsi onu bağışlamırdısa, kənd camaatı qızı gətirib ata-anası ilə barışdırardı. Adətlərimizdən biri də bulağa getmək idi. Xatırlayıram, müxtəlif idman yarışları keçirilirdi, kosa və keçəl gəlir yarışlar təşkil edirdilər. Məhlənin ağsaqqalları, böyükləri kiçik uşaqları sorğu-sual edib onlara xüsusi hədiyyə verirdilər. Bəzi rayonlarımızda Novruzun ilk gəlişində qurban kəsirdilər və s. Ailə qurmaq istəyən gənclər öz seçimlərini məhz bu bayramda edirdilər. Bizim regionda papaq atdı olmayıb, torba, yaxud heybə, xurcun atdı deyirdilər buna. Gənc oğlanlar bu adətdən istifadə edib, gələcək həyat yoldaşlarını tanıyırdılar, görürdülər. Bir kənd digər kəndə qonaq gedərdi, ilk Günəş doğan saata qədər oturardlar. Gənclər tonqalın közərtilərində kartof külləmə edərdilər. Torba atmaq əslində bizdə ritual xarekter idi, heç kim bunu ehtiyacdan etmirdi. Toplanan şirniyyatlar və nemətlər imkansız ailələrə verilərdi. Adətlərimizin çoxu demək olar, unudulub… Səbəb isə indi hər kəs rayondan şəhərə köçür, əksəriyyət burada işləyir, yeni tikilən çoxmərtəbəli binaların sakinləri öz qonşusunu tanımır. Yeni tikilən böyük binalar, məhlələr insanları yadlaşdırıb. Bilirsiniz, eyni zamanda da televiziya kanallarında adətlərimizlə bağlı təbliğat getmir, milli adət-ənənələrimiz barəsində filmlər çəkilmir. Çəkilən də reallıqdan çox uzaqdır. İndi elədir ki, Novruz şənlikləri keçiriləndə ancaq konsert keçirib, efirə müğənniləri dəvət edirlər. Bayağı formada hər kəs olmayan adətləri icra etməyə çalışır, hətta milli geyimlərdə belə xeyli qüsurlar olur”.

Alimin fikrincə, Novruz bayramı ərəfəsində efirlərə hər il kosa və keçəl gəlməli, yarışlar keçirməlidirlər:

“Oyunlar var idi, onlar ümumi olurdu ki, hər kəs iştirak etməyə çalışardı. İndi efirlərdə və keçirilən tədbirlərdə biz bunu görmürük. Böyük şəhərlərdə ancaq bir şey qalıb, şirniyyatı mağazalardan almaq, restoranlarda, otellərdə qeyd etmək. Amma bu bayram məhəllə, küçə, qohum-əqrəbalar birgə keçirsin deyə qeyd edilir. Bu gün bayramlarda adətlərimizin yoxa çıxmasının səbəbi isə insanların iş dalınca rayonlardan şəhərə köçüb gəlməsi, köhnə məhəllələrin də sökülüb yeni binaların tikilməsidir…”

Şair-publisist Əkbər Qoşalının fikrincə isə zaman keçdikcə toplumlar dəyişir, yaşam tərzi, dəyərlər yeniliklər qazanır, hətta məşğuliyyətlər də fərqlənir:

“Bu dəyişikliklər, təbii olaraq, milli adətlərimizə də təsir edir. Azərbaycan xalqının Yeni gün – Novruz bayramına aid bir çox ənənəsi bu gün də yaşadılır. Bununla belə, bəzi qədim rituallar ya unudulub, ya da əvvəlki qədər geniş yayılmır. Zamanla sıradan çıxan, yaxud azalan adət-ənənələrimizdən örnəyi, “qurşaqatdı” və səməni “oğurluğunu” vurğulaya bilərik. Keçmişdə uşaqlar bayram axşamı qonşu evlərin bacasından, nəfəsliyindən qurşaq sallayar, içərisinə bayram payı (şirniyyat, qoz-fındıq və s.) qoyulardı. Uzun illərdir kəndlərdə də ev-eşiklərin biçimi, şəkli, konstruksiyası dəyişib, qurşaq, şal sallama adəti də ya aradan qalxıb, ya da qapıya papaqattı şəklini alıb. Papaqatma deyiriksə, deməli, qurşaq, şal da geyim-keçimdən sıxışdırılıb, çıxarılıb. Səməni “oğurluğu” isə bayram şənliklərində uşaqların bir-birinin evindən səməni götürməsi ilə bağlı olub. Kimin evindən səməni “oğurlanarsa”, həmin evin bərəkətli olacağına inanılırmış. Səməni “oğurluğu” demək olar, tamamilə unudulub. Sonra, qulaq falı və inamlarla bağlı ritualları vurğulaya bilərik. Gənc qızlar bayram gecəsi evlərin qapısına gedib qulaq asardı, eşitdikləri ilk sözlər onların gələcəyi, yığvalı ilə bağlanırdı. Su falı və aynaya baxaraq niyyəttutma adətlərinin də geniş yayıldığı dönəmlər olub. Günümüzdə bu inancları yerinə yetirənlər çox azalıb, xüsusilə də şəhər ortamında bunlar sıradan çıxıb”.

ekber qosali easas

Əkbər Qoşalı

Ə.Qoşalının sözlərinə görə, keçmişdə Novruz tonqalı tamamilə sönməmiş tonqalbaşından dağılışmaz, sonra tonqalın külü bir yerə yığılar, saxlanarmış:

“Bu gün isə tonqalların önəmi azalıb, hətta böyük şəhərlərdə insanlar Novruz tonqalını ekoloji və təhlükəsizlik səbəbləri ilə yandırmaqdan çəkinmiş ola bilər. Bayram süfrəsinə dair bəzi ənənəyə də toxuna bilərik. Bayram axşamı 7 müxtəlif yemək növünün süfrəyə qoyulması, hər ailə üzvü üçün özəl şam yandırılması adəti bir çox yerlərdə unudulub. Kəndlərdə hələ qismən yaşasa da, şəhər yaşamının sürətlənməsi, virtual məşğuliyyətlər və s. bu adəti zəiflədib. Əlbəttə, Yenigün bayramından, sərt qışdan güllü-çiçəkli yaza keçiddən və bu bayrama yüklədiyimiz, yaraşdırdığımız adət-ənənələrdən danışırıqsa, Kosanı, Keçəli, Kos-kosa tamaşalarını da unutmuruq. Əvvəllər hər məhlənin öz Keçəli, Kosası olardı, uşaqlar və böyüklər bu personajlarla, bayramın teatral yönləri ilə şənlənərdi. Günümüzdə yalnız dövlət tədbirlərində və folklor qrupları tərəfindən bu adət yaşadılır, lakin məhəllə səviyyəsində kimi deyil. Nəhayət, bayram axşamı qapı pusma və bərəkət üçün un səpilməsi adətini xatırlayaq. Bəzi bölgələrdə bayram gecəsi evin qapısına un səpilərmiş, əgər səhərə qədər orada quş pəncəsi izi görünsəymiş, bu, bərəkətin artacağına işarə sayılırmış. Bu və buna bənzər adətlər indi demək olar, yerinə yetirilmir”.

Ekspert deyib ki, adətlərin sıradan çıxması səbəbləri obyektiv sayıla biləcək bir sıra amillərlə şərtlənir:

“Burada şəhərləşmə və çağdaş yaşam tərzini qeyd edə bilərik. İnsanlar artıq qonşuluq bağlarına öncəki kimi önəm vermir, sanki fərdiləşmə arta-arta irəliləyir. Medianın və texnologiyanın təsirini də unutmayaq. Televiziya, sosial media və digər virtual platformalar gerçək həyatda keçirilən bayramları “əvəz” edir. Ən azından, qonaq getmək, üzbəüz bayramlaşmaq indi bir ismarıc, sosial mediada ümumi paylaşım və s. ilə “əvəzlənib”. Dini və mədəni təsirləri də vurğulayaq. Bəzi inanclar zamanla daha az önəm qazanıb və insanlar bu adətləri davam etdirməyə ehtiyac duymur və sair”.

Əkbər Qoşalı unudulmaqda olan adət-ənənələrimizi necə qorumağın mümkünlüyünü açıqlayıb:

“Məktəblərdə və universitetlərdə Novruz şənlikləri və milli oyunlar təşkil oluna bilər;

– Şəhər və kənd icmaları məhəllə səviyyəsində bayram tədbirləri keçirə, özəlliklə “Kos-kosa” və “qurşaqqatdı”, “şal atdı” adətini yenidən bərpa edə bilər;

– Sosial media və televiziya vasitəsi ilə maarifləndirmə işi aparıla bilər – cavan nəslə bu adət-ənənə aşılanmış olar;

– Ailələr uşaqları bu adətlərə daha çox cəlb edə bilər – xüsusilə də süfrə dəyərləri, xeyirxahlıq, barışcıllıq qorunmalıdır.

Novruz bayramı Azərbaycanın milli kimliyinin önəmli bir bölümüdür. Zaman keçdikcə bəzi adət-ənənələr sıradan çıxsa da, bu bayram hələ də xalqımızın adətlərinin tən ortasında – ocaqlığında dayanır. Əsas məsələ unutmaq yox, yaşatmaq, yaxşılıqları, yaxşıları yeni nəsillərə ötürməkdir. Əlbəttə, bunun üçün həm fərdi, həm ictimai səviyyədə səylər göstərilməlidir. Yenigün – Novruz dövlət bayramı olaraq keçirilir – bu, çox yaxşıdır, qürurvericidir – dövlətimiz var olsun! Bununla belə, bayram millətin içindən gələn, ruhundan qopan ritual kimi davam etməyi haqq edir”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Mövzu: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği;

Zaira Akifqızı
Globalinfo.az

MEDIALogo 1