Yardım maşınları Laçından Xankəndiyə yol aldı – Siyahıda nələr var? / VİDEO

Rusiya sülhməramlı qüvvələrin kontingentinin şəxsi heyətinin istifadəsi, eləcə də sülhməramlılar vasitəsilə mülki əhaliyə çatdırılması üçün Laçın-Xankəndi yolu vasitəsilə ərzaq və gündəlik tələbat mallarının keçidi təmin olunmağa başlanılıb.

Globalinfo.az “Trend”ə istinadən xəbər verir ki, bu məqsədlə artıq Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 4 yük maşını yoxlanıldıqdan sonra Laçın Sərhəd Buraxılış Məntəqəsindən üzü Xankəndi istiqamətində hərəkət edib.

Məlumata görə, yük maşınlarında Qarabağ erməniləri üçün göndərilmiş ərzaq məhsulları olub.

Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələnib. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olunub və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırılıb.

Əldə edilən razılaşmaya əsasən, Azərbaycan Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.

Azərbaycan Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş keçirilib. Görüş zamanı erməni tərəfi bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi istəyib.


***20:22

Xankəndinə humanitar yardımların daxil olması davam edir.

Globalinfo.az xəbər verir ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinləri üçün nəzərdə tutulan təqribən 70 ton humanitar yük Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) karvanıyla Laçın yolu ilə keçib.

Humanitar yükə 66 ton un, 2700 kq duz, 450 kq
quru maya va 375 litr günəbaxan yağı daxildir.

Həmçinin döyüşlərdə yaralanmış 17 nəfərin tibbi təxliyəsi də hayata keçirilib. BQXK  heyəti xastaxanaya tibbi ləvazimatlar va ölənlərlə ləyaqətli rəftar üçün meyit torbaları da çatdırıb.

Məlumatda bildirilir ki, BQXK humanitar fəaliyyətlə bağlı bütün iştirakçılarla dialoq aparır. Bununla yanaşı, itkin düşən şəxslərin axtarışı davam edir, onların ailələri ilə əlaqə saxlanılır.

Humanitar ehtiyacların miqyasını nəzərə alaraq, BQXK səhiyyə, məhkəmə-tibbi ekspertiza, humanitar müdafiə məsələləri, silahlar və partlamamış sursatlarla bağlı təhlükəsizlik məsələləri üzrə ixtisaslaşmış kadrları əlavə etməklə regiondakı iştirakını artırır.