Böyük ölkələrin təcili “çıxın” çağırışı: Belarusda nələr baş verəcək? – Politoloq

ABŞ, Fransa, Kanada və bir sıra ölkələr Belarusdakı vətəndaşlarına ölkəni tərk etməklə bağlı çağırış edib. Sözügedən çağırış dünya siyasi arenasında yeni hərbi toqquşmanın baş verəcəyi ehtimalları ilə bağlı müzakirələrə səbəb olub.

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Turab Rzayev Polşanın da müharibəyə qoşulma ehtimalını qeyd edərək bildirib ki, bu çağırış iki əsas məsələ üzərində dəyərləndirilə bilər:

“Əslində, Polşanın Ukraynaya açıq dəstək verməsi səbəbilə müharibəyə qoşulacağı ehtimal edilirdi. Polşa ordusunun müəyyən bir hissəsinin Ukraynaya göndərilməsilə bağlı müzakirələr aparılırdı ki, bu da müharibəyə birbaşa qoşulma demək olar. Rusiya ilə Polşanın birbaşa sərhədi yoxdur, bunun üçün Belarus ərazisi vasitə rolunu oynayır. Yəni Polşa müharibəyə qoşulacağı təqdirdə Rusiya sözügedən ərazidən istifadə edərək bu ölkəyə hücum edə bilər”.

Politoloq Belarusun müharibəyə qoşulması üçün göstərilən təzyiqlərin müxtəlif nəticələləri olacağını söyləyib:

“Son zamanlar Rusiyanın açıq şəkildə öz müttəfiqlərini müharibəyə cəlb etmək istəyi müşahidə edilir. İlk növbədə İran, Ermənistan və KTMT dövlətlərini Ukraynaya qarşı açıq şəkildə müharibə aparmağa məcbur edir. Burada həm KTMT üzvü, həm də Rusiyanın ən yaxın müttəfiqi kimi Belarusun üzərində təzyiq daha çoxdur və getdikcə artır. Xatırladım ki, müharibənin ilk zamanlarında Belarus ərazisindən vertolyotlar Ukraynaya daxil olmuşdu. V.Putin hər dəfə A.Lukaşenkonu müharibəyə tərəf kimi qoşulmağa məcbur etsə də, Belarusiya prezidenti müxtəlif yollarla bundan yayınır. Məsələn, NATO-nun hər hansı dəstəyinə qarşı qərb sərhədlərini bağlı saxladığını göz önünə gətirir. Nəticə iki cür ola bilər: Belarus təzyiqlərin nəticəsində müharibəyə qoşula, yaxud da Rusiyanın mobilizə etdiyi ordu və texnikanın öz ərazisindən açıq şəkildə istifadəsinə şərait yarada bilər”.

Turab Rzayev

T.Rzayev vətəndaşlarla bağlı çağırışı siyasi təzyiq forması kimi dəyərləndirməyi doğru hesab etdiyini deyib:

“Qərb dövlətləri hansısa ölkəyə siyasi təzyiq vasitəsi kimi, orada yaşayan vətəndaşlarına ölkəni tərk etmələrilə bağlı çağırış edə bilərlər. Bir neçə gün öncə terror təhlükəsi əsas gətirilərək İstanbuldan bir neçə ölkənin baş konsulluğunun çıxarılması buna nümunə göstərilə bilər. Türkiyə bu addımı ölkənin turizm sənayesinə zərbə vurmaq cəhdi olaraq qəbul etmişdi. Yaxud İranda Azərbaycan səfirliyinə hücumdan sonra bir sıra ölkələr öz diplomatik nümayəndələrini geri çağırdı.

Yəni bir ölkədən diplomatik nümayəndəliklərin geri çağırılması, yaxud vətəndaşlara ölkəni tərk etmələrilə bağlı xəbərdarlıq edilməsi, bir növ, siyasi təzyiq vasitəsidir”.

Ayşən Mustafa
Globalinfo.az