“Hazırda 10 mindən artıq valideyn I sinifə elektron qəbul üçün övladına şəxsi kabinet yaradıb”.
Globalinfo.az xəbər verir ki, bunu MÜTDA-nın Ümumi təhsilin təşkili şöbəsinin baş məsləhətçisi Fəridə Bilişzadə deyib.
“6 maya qədər valideynlər şəxs kabinet yarada bilər”, – o əlavə edib.
***13:51
Artıq 4000-dən çox istifadəçi şəxsi kabinet yaradaraq qeydiyyatdan uğurla keçib.
Bu barədə Globalinfo.az-a MÜTDA-dan məlumat verilib.
Əlavə olaraq prsoeslə bağlı bir sıra tarixlər açıqlanıb:
Tədris digər dillərdə aparılan bölmələr üzrə müsahibə və seçim:
6–20 may – digər dillərdə tədris olunan bölmələr üzrə I sinfə qəbul üçün müsahibələrə yazılma mərhələsi.
12–31 may – müsahibələrin keçirilməsi.
17 iyun – 12 sentyabr – müsahibədən uğurla keçən uşaqlar üçün məktəb və müəllim seçimi
Prioritetli məktəblərə qəbul (Bakı, Sumqayıt, Gəncə, Abşeron):
Azərbaycan bölməsi üzrə:
6 may, saat 11:00 – 5 iyun
Digər dillərdə tədris üzrə:
17 iyun, saat 11:00 – 17 iyul
Bu tarixlərdə prioritetli məktəblərə müraciətlər prioritet əsaslı qəbul olunacaq. Sonradan isə həmin məktəblərə qəbul sərbəst şəkildə həyata keçiriləcək.
Prioritet tətbiq olunan məktəblərin siyahısı müvafiq yerli təhsil idarələri və mektebeqebul.edu.az portalı vasitəsilə açıqlanacaq.
Qəbul prosesi 12 sentyabr 2025-ci il tarixində başa çatacaq.
***12:03
Hazırda 1-ci sinfə elektron qəbul sisteminə eyni anda çoxsaylı müraciət daxil olduğu üçün portala girişdə qısamüddətli yüklənmə müşahidə olunur. Texniki heyət tərəfindən sistemin sabit və fasiləsiz fəaliyyətinin təmin olunması məqsədilə zəruri tədbirlər görülür.
Globalinfo.az bildirir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq MÜTDA-dan məlumat verilib.
Bildirilib ki, bu gün sadəcə valideynlərin elektron sistemdə qeydiyyatı prosesi aparılır. Məktəb və müəllim seçiminə 6 may tarixindən etibarən start veriləcək.
Hazırda mektebeqebul.edu.az portal vasitəsilə 1000-dən çox istifadəçi şəxsi kabinet yaradaraq qeydiyyatdan uğurla keçib.
Bununla yanaşı, qeyd edək ki, 2025-2026-cı tədris ili üzrə uşaqların birinci sinfə qəbulu prosesində tətbiq edilən daha bir yeniliyə əsasən, Şəxsi kabinetə giriş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təmin edilən Vahid Giriş Sistemi (“Digital Login”) ilə həyata keçirilir.
***11:04
Ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu başladı.
Globalinfo.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılır.
Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərlərində Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi mayın 6-dan iyunun 5-dək prioritetli mərhələdə aparılacaq. Tədrisi digər dillərdə aparılan bölmələr üzrə isə seçim iyunun 17-dən iyulun 17-dək keçiriləcək. Bu müddətdən sonra həmin məktəblərə artıq prioritet statusu olmadan seçim etmək mümkün olacaq.
Qəbul prosesi sentyabrın 12-dək davam edəcək. Digər dillərdə tədris aparılan bölmələr üzrə müsahibəyə qeydiyyat mayın 6-dan 20-dək, müsahibə mərhələsi isə mayın 12-dən 31-dək davam edəcək. Həmin bölmələr üzrə məktəb və müəllim seçimi isə iyunun 17-dən sentyabrın 12-dək həyata keçiriləcək.