Beyləqanda bir ailənin dörd üzvü niyə güllələndi? – TƏFƏRRÜAT / YENİLƏNDİ

Bəyləqanda bir ailənin dörd üzvünün qətlə yetirilməsi ilə bağlı daha bir məqam məlum olub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, tərəflər arasında sonuncu mübahisə yol verməmək üstündə olub.

Belə ki, qətlə yetirilən ailə üzvləri hadisəni törətməkdə şübhəli bilinən Fuad Cəlilzadənin yaşadığı evə gedən yolu naqillə kəsərək onun evinə gedən istiqaməti bağlayıblar.

Bu səbəbdən hadisədən bir gün əvvəl də onlar arasında dava olub.

***

Beyləqanda törədilən dəhşətli cinayətin təfərrüatı məlum olub. 

Globalinfo.az Lent.az-a istinadən xəbər verir ki, hadisəni törədən Fuad Cəlilzadənin ailəsi ilə qətlə yetirilən ailə arasında düşmənçilik olub.

Bir neçə il əvvəl Fuad Cəlilzadənin atası Loğman Cəlilzadə qətliama məruz qalan ailənin başçısı Nadir Quliyevi yol üstündə yaba ilə vurub. O, yabanı N.Quliyevin qarnına soxub. Həkimlərin səyi nəticəsində o zaman N.Quliyevi xilas etmək mümkün olub. L.Cəlilzadə isə həbs edilib.

Məlumata görə, L.Cəlilzadə həbsdən çıxandan sonra N.Quliyevin ailəsi ilə ədavəti davam etdirib. Nəticədə bu gün L.Cəlilzadənin oğlu Fuad Cəlilzadə ov tüfəngi ilə N.Quliyevin ailəsini güllələyib.

27 yaşlı Fuad Cəlilzadə ana ilə atanı yaşadıqları evin həyətində, qardaşları isə qəbristanlıqda qətlə yetirib.

Hadisəni törədən F.Cəlilzadə polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.

Qətlə yetirilən şəxslər 56 yaşlı Nadir Quliyev, 51 yaşlı Tərgül Quliyeva, 26 yaşlı  Amin Quluzadə və 20 yaşlı Xəyal Quluzadədir.

Qeyd edək ki, ailənin 4 övladı olub. Onlardan ikisi Bakı şəhərində yaşayır. Hadisənin genişlənməməsi və təhlükəsizlik tədbirləri nəzərə alınaraq qətli törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Fuad Cəlilzadənin ailəsi yaşadığı kənddən təxliyə edilib.