BDU-nun önündə xoşagəlməz görüntü: Misir Mərdanov danışdı – FOTO

Bakı Dövlət Universitetinin qarşısında yumruqvurma aparatının quraşdırılması sosial şəbəkələrdə etirazla qarşılanıb. Təhsil ocağının yaxınlığına belə bir qurğunun qoyulması narazılıq doğurub.

Məsələ ilə bağlı Globalinfo.az Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət departamentinə sorğu ünvanlayıb.

Sorğuya cavab olaraq həmin aparatın universitetin qarşısında quraşdırılmasının qanunsuz olduğu bildirilib:

“Həmin qurğunun heç bir rəsmi icazəsi yoxdur”.

Sabiq təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov saytımıza açıqlamasında universitetin qarşısında hər hansı oyun aparatının quraşdırılmasının yanlış addım olduğunu deyib:

“Tələbələr dərsdən çıxdıqdan sonra o aparatın qarşısında toplaşırlar. Mən bunu qınayıram. Niyə belə bir şey olmalıdır axı? Onun yerinə kitab köşkü və ya başqa faydalı, daha maraqlı nəsə yerləşdirmək olar. Universitet güc sınamaq yeridir?! Bu addımı doğru hesab etmirəm”.

Zaira Akifqızı
Globalinfo.az