
Bu ilin 3 iyul tarixində Yevlax şəhərində yerləşən “Sənəm” şadlıq evində qardaşının nişan mərasimində qonağı bıçaqlayan şəxsə hökm oxunub.
Globalinfo.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən Yevlax şəhəri, Bakıxanov küçəsində yaşayan 1988-ci il təvəllüdlü Pərviz Orucov Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa ağır zərər vurma – xuliqanlıq niyyəti ilə törədildikdə) və 221.3 (Silah və ya silah qismində əşya tətbiq etməklə xuliqanlıq) maddəsi ilə təqsirli bilinib.
Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə məlum olub ki, Pərvizin qardaşı Kirmanın nişan mərasimində bıçaqladığı Alxan Xəlilov qızın anası ilə əmiqızı-əmioğlu olub. O, hadisə vaxtı əmisi qızının övladının yanına gedərək bəyin yerində oturub. Bunu görən Pərviz isə qardaşının nişanlısının yanında yad adamın əyləşməsini özünə sığışdırmayaraq onunla dalaşıb. Onlar ikisi də şadlıq evinin zalından çıxaraq koridorda mübahisəni davam etdiriblər. Bu zaman sərxoş vəziyyətdə olan Pərviz yerə yıxılıb. O, qalxarkən üzərindəki bıçağı çıxararaq gələcək qohumunu bıçaqlayıb.
Məhkəmədə zərərçəkmiş şəxs Pərvizlə barışdığını, ondan şikayətçi olmadığını bildirib.
Həmçinin məlum olub ki, Pərviz Orucov 2009-cu ildə adam öldürməyə cəhd cinayətinə görə tutulub və 11 il 3 ay müddətinə həbs edilib. O, həbsxanadan çıxdıqdan sonra yenidən oxşar cinayət törədib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin 07.12.2022-ci il tarixli hökmü ilə 34 yaşlı P.Orucov 9 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Gülnar
Globalinfo.az