Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Səudiyyə Ərəbistanı Krallığına işgüzar səfəri çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə sessiyasındakı çıxışı diqqət çəkib. Nazir Qəzza bölgəsi və Fələstindəki mövcud humanitar böhranı, günahsız insanların kütləvi tələfatını, infrastrukturun məhvini, bölgədəki qida və su qıtlığının narahatlıq mənbəyi olaraq qaldığını bildirib. Həmçinin mülki şəxslərin ölümünə səbəb olan güc tətbiqinin qəbuledilməz olduğunu və bu vəziyyətə son qoyulması üçün təcili və qətiyyətli addımların atılmasının vacibliyi vurğulayıb.
Ceyhun Bayramov çıxışı zamanı rəsmi Bakının Qəzzanın bərpası və yardım göstərilməsi üzrə Misir tərəfindən irəli sürülən, 4 mart tarixində Fövqəladə Ərəb Sammiti zamanı təsdiqlənmiş planı dəstəklədiyini bildirib.
Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə sessiyasında çıxışı mütəxəssislərin diqqəti mərkəzindədir:
“Çünki burada həm İsrail, həm də Amerika Birləşmiş Ştatlarının hazırda Yaxın Şərq regionunda apardığı siyasətlə yumşaq desək uzlaşmayan mövqe sərgilənir. İddia olunur ki, Azərbaycanın Qəzzada gedən proseslərlə bağlı tutduğu mövqe İsraillə münasibətlərin korlanması ilə nəticələnə bilər. Amma nəzərə almaq lazımdır ki, HƏMAS-ın İsrailə qarşı törətdiyi hücum və müharibə başladıqdan sonra Azərbaycan baş verən proseslərə ədalətli münasibəti ilə fərqlənib.
Belə ki, Bakı qeyd olunan qrupun dinc insanları qətlə yetirməsinin qəbul edilməz olduğunu qiymətləndirməklə yanaşı, İsrail hərbçiləri tərəfindən silahsız insanların öldürülməsini də mütəmadi olaraq tənqid edib. Azərbaycan eyni zamanda İsrailin qəbul etmək istəmədiyi ikili dövlət modelinə tərəfdar çıxaraq Fələstin dövlətinin yaradılmasını dəstəklədiyini bildirir”.

Əlimusa İbrahimov
Politoloqun sözlərinə görə, Azərbaycanın bu mövqeyi İsraildə aydın və başadüşülən kimi qəbul olunur:
“Əks halda bu barədə iki dövlət arasında müəyyən narazılıq nəzərə çarpardı. O baxımdan, Ceyhun Bayramovun İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 7 mart 2025-ci il tarixində keçirilən fövqəladə sessiyasında çıxışı zamanı ölkəmizin Qəzzanın bərpası və yardım göstərilməsi üzrə Misir tərəfindən irəli sürülmüş və 4 mart tarixində Fövqəladə Ərəb Sammiti zamanı təsdiqlənmiş planı dəstəklədiyini vurğulamasının İsraillə Azərbaycan arasında gərginliyə gətirib çıxaracağını düşünmürəm.
Digər tərəfdən müsəlman dünyasında ciddi nüfuza malik olan İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələr Azərbaycandan qəti mövqe irəli sürməsini tələb edə bilərdilər”.
Turan Rzayev
Globalinfo.az