
“Rəsmi Bakı İranda formalaşmış yeni hökumət kabinetinin pozitiv siyasət yürüdəcəyinə ümid bəsləyir”.
Bu sözləri Globalinfo.az-a politoloq Oqtay Qasımov Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla İran xarici işlər naziri Seyid Abbas Araqçı arasında baş tutan telefon danışığını şərh edərkən deyib.
Onun sözlərinə görə, İranla Azərbaycan arasında müzakirə olunası çox mövzu var:
“Məlum olduğu kimi, Bakı ilə Tehran arasında bir neçə dəfə gərginlik yaşanıb. Daha dəqiq desək, Tehrandakı səfirliyimizə hücum və sabiq deputat Fazil Mustafaya sui-qəsd cəhdində İranın payının olması iddiaları münasibətləri ciddi şəkildə pozdu. Bununla belə, İran tərəfinin istəyi, Bakının da razılığı ilə münasibətlər yenidən normallaşdı.

Oqtay Qasımov
Keçən ilin oktyabrından Zəngilanda Arazdan keçəcək körpünün təməli atıldı. İki ölkə Zəngəzura paralel yol salınması ilə bağlı razılıq əldə etdi. Bütün bunlar müsbət hadisələr idi”.
Politoloq deyib ki, C.Bayramov iranlı həmkarı ilə müxtəlif məsələləri müzakirə edib:
“Gündəmdə birdən çox məsələ var. Misal üçün, iki ölkə arasında siyasi, iqtisadi münasibətlərin inkişafı, habelə regional əməkdaşlığın genişləndirilməsi müzakirə edilib. Bakı Tehranla Şimal-Cənub nəqliyyat xətti üzrə əməkdaşlıqda maraqlıdır.
Bundan başqa, Ermənistanla sülh prosesi və İranı narahat edən məqamlar da tərəflər arasında müzakirə edilən məsələlərdəndir. Təbii ki, İrəvanın regiona kənar qüvvələr (ABŞ hərbçilərini) gətirməsi, bunun həm də İrana təhdid yaratması XİN başçılarının görüşündə müzakirə edilə bilər”.
Turan Rzayev
Globalinfo.az