Bakıya Qarabağ üzərindən təzyiq edilir – “Çətinliklər olacaq…”

Azərbaycan tarixi zəfərlə Qarabağı işğaldan azad etdikdən sonra əsas məsələ bu bölgədə həyatın bərpası, insanların ehtiyaclarının təmin olunmasıdır. Yenidənqurma, bərpa işləri sürətlə aparılır, lakin bir yandan da Qərbə bağlı media, bəzi müxalif qruplar sosial narazılığın artmasına çalışırlar.

Bəs hökumət sosial narazılıqları həll etmək üçün hansı tədbirləri görür?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan deputat Fazil Mustafa qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə məskunlaşma ilə bağlı problem hələ bir müddət qalacaq:

Fazil Mustafa

“Paytaxt Bakıdakı kimi şərait tətbiq etmək hələ çətindir. Doğrudur, daha yaxşı şəraitin yaradılması gözlənilir. İnsanlar prosesə səbirlə yanaşmalı, ölkə reallıqlarını, yeni şəraitin çətinliklərini nəzərə almalıdırlar. Bununla bağlı şəffaf münasibət də formalaşmalıdır. Hansı işlərin görüləcəyi ilə bağlı da məlumat verilməlidir. İnsanları həmin ərazilərdə məskunlaşmağa meyilləndirmək üçün müəyyən təbliğat vasitələrindən də istifadə edilməlidir.

Yaşayışın birdən-birə təmin edilməsi gözlənilmir, çünki proses böyük ərazini əhatə edir”.

Milli Məclisin deputatı Ceyhun Məmmədov isə deyib ki, bir sıra daxili və xarici qruplar ölkəmizdə vəziyyəti gərginləşdirməyə çalışırlar:

Ceyhun Məmmədov

“Lakin Azərbaycanın tarixi qələbəsi birliyimizi daha da gücləndirib. Hökumət sosialyönümlü siyasət həyata keçirir. Əhalinin sosial təminatını gücləndirmək üçün müəyyən addımlar atılır.

Təhlükəsizliyi təmin etmək üçüm əhalidə narazılıq yaradan məsələlər diqqətlə öyrənilməlidir. Bununla da gələcəkdə yarana bilən təhlükələrdən özümüzü sığortalamış olacağıq”.

Safura Bənnayeva
Globalinfo.az