Regionda ciddi dəyişikliklər ola bilər – Bakıya iki zəngin pərdəarxası

“ABŞ, Avropa Birliyi və Ermənistan arasında üçtərəfli görüşün keçiriləcəyi bir neçə ay öncədən bəlli idi”.

Bu sözləri Globalinfo.az-a politoloq Qədir Aslan ABŞ, Avropa Birliyi və Ermənistan arasında bu gün Brüsseldə baş tutacaq görüşü şərh edərkən deyib.

Onun sözlərinə görə, görüşlə bağlı Azərbaycanı və Türkiyəni narahat edən məqamlar var idi:

“Məsələ ondadır ki, həm ABŞ Dövlət katibi Entoni Blinken, həm də Avropa Komissiyasının sədri Ursula fon der Leyen Prezident İlham Əliyevə zəng edərək görüşün Azərbaycanın əleyhinə olmadığını qeyd ediblər.

Bununla belə, Azərbaycan hər zaman tədbirlidir və bu bundan sonra da belə olacaq. Azərbaycan Türkiyə ilə sistemli şəkildə hərəkət etməli, regionda yarana biləcək riskləri koordinasiyalı şəkildə dəf etməlidir.

Fikrimcə, mövcud situasiyada Türkiyə də var. Yəni rəsmi Ankara İrəvanla münasibətləri Bakının maraqlarını nəzərə alaraq normallaşdırır. Bu da Ermənistanın hələ də Azərbaycandan asılı olduğunu göstərir. Yəni Qərbin ehtimal dəstəyi bu reallığı dəyişməyəcək.

Bugünkü görüş çox vacibdir. Regionla bağlı siyasi proseslərdə ciddi dəyişiklik ola bilər”.

Turan Rzayev
Globalinfo.az