“Azərbaycan uzun illər ərzində Avropa təsisatlarından ədalətli və obyektiv yanaşma gözlədi. Lakin təəssüf ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyi ilə bağlı konkret addımların atılmaması, əksinə, daxili işlərə müdaxilə cəhdləri, hakimiyyətə qarşı təzyiq və çirkli kampaniyaların aparılması bu qurumlar üçün xalqların maraqlarından daha çox öz maraqlarının ön planda olduğunu göstərdi”.
Bu sözləri Globalinfo.az-a siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.
Politoloq bildirib ki, bu gün Avropa təsisatlarında yenidən gün işığına çıxan faktlar və ifşa olunan videolar onların hətta ədalət mühakiməsini belə siyasi təsir alətinə çevirməyi bacardıqları fikrini formalaşdırır:
“Həmin qurumlar və şəxslər dövlətlərin daxili işlərinə qarışmaqdansa, digər regionlarda itirilmiş nüfuzlarını bərpa etməyə çalışsalar, daha məqsədəuyğun olar. Siyasətdən uzaq, qeyri-peşəkar bəyanatların səsləndirilməsi və addımların atılması, ən yumşaq ifadə ilə desək, sadəlövlükdür.
Artıq məlumdur ki, Cənubi Qafqazın təhlükəsizlik arxitekturası yenidən qurulur, regionun yeni iqtisadi və siyasi xəritəsi formalaşır. Azərbaycan və Ermənistan prosesləri heç bir vasitəçi olmadan, iki əsas tərəf kimi irəli aparmaq iqtidarındadır. Görünür, məhz bu səbəbdən Avropa təsisatları region üzərində təsir imkanlarını itirdikləri üçün ciddi narahatlıq keçirirlər. Əgər həqiqətən Ermənistanın və erməni xalqının taleyi onları düşündürürsə, son qərarın məhz həmin xalq tərəfindən verilməsinə şərait yaradılmalıdır.

Şəbnəm Həsənova
Bir vaxtlar Ermənistanın Baş naziri Nikol Paşinyanı “ən demokratik lider” kimi təqdim edən tərəflərin bu gün onu aradan götürmək planları qurması isə açıq-aşkar ikiüzlülükdür. “Avro” məmurlar açıq şəkildə “demokrat” Paşinyanı aradan götürmək istəyirlər. Azərbaycan heç bir halda Avropa təsisatlarının və orada kök salmış korrupsiyalaşmış məmurların daxili işlərinə müdaxiləsinə icazə vermədiyi kimi, davam edən sülh prosesinə və sülh gündəliyinə xələl gətirilməsinə də imkan verməyəcək”.
Turan Rzayev
Globalinfo.az