Bakının dərdi az idi: AYNA paytaxtı tıxaca salıb – Parkinq problemi!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) parklama siyasəti ciddi narazılıqlar yaradır. Belə ki, qurum həll olunası səbəbi qoyub, nəticə ilə əlləşir. Bakının yol-nəqliyyat infrastrukturu həll edilmədən parkinq məsələsini gündəmə gəlir ki, bu da böyük yanlışdır. Yanlış olsa da amma nədənsə AYNA mövqeyindən geri dayanmır, bütün küçələri xətləyib, pullu dayanacaq tərtib edir. Vətəndaş isə haqlı olaraq həm narazı, həm də narahatdır.

Globalinfo.az xəbər verir ki, Milli Məclisin deputatı Naqif Həmzəyev parlament iclasında çıxışı zamanı parklanma mövzusunu gündəmə gətirib.

Deputat Naqif Həmzəyev

O bildirib ki, əvvəllər vətəndaşlar parklanma üçün gün ərzində 1-2 manat ödəyirdisə, indi 8-10 manat ödəməli olurlar:

“Avtomobili saxlamaq üçün yer tapa bilməyən vətəndaşlar isə maşınları binaların həyətlərində saxlayırlar. Bu da bina sakinlərinə əlavə problemlər yaradır. Hesab edirəm ki, gələcəkdə aidiyyəti qurumlarla ictimai dinləmələr keçirə və problemlərin həlli üçün işlər görə bilərik”.

Deputat parklanma yerlərində elektromobillərin doldurulması üçün məntəqələrin də yaradılmasını da təklif edib.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Azərbaycan Texniki Universitetinin dosenti, texnika elmləri üzrə fəlsəfə doktoru Fərhad Eyyubov deyib ki, ümumiyyətlə, hərəkət hissəsində olan parklanma məsələlərini həll etmək üçün birinci növbədə yolların və yol hərəkətinin təşkili nəzərdə tutulmalıdır:

Fərhad Eyyubov

“Bu, elmi cəhətdən əsaslanmış, dəqiq məsələlərin kompleks yanaşmasını tələb edən işdir. Əgər o iş elmi cəhətdən əsaslandırılıbsa, dəqiqdirsə, işin axırına qədər getmək olur. Yox, orada dəqiqlik yoxdursa, elmi cəhətdən əsaslanmayıbsa, həmin parklanma tıxaclara səbəb olursa, o zaman parklanmanı yığışdırmaq lazımdır. Bakı şəhərində 1 milyona yaxın nəqliyyat vasitələri var ki, bunlar da hardasa dayanmalıdır. Amma dayanmaq üçün əlavə parklanma yerləri yoxdur. İndi AYNA istəyir ki, həmin parklanma məsələsini həll etsin, lakin ortaya başqa problemlər çıxır. Bir məsələni həll edən zaman gərək digərlərini də nəzərə alasan ki, həmin məsələlər tıxacın artmasına daha da çox səbəb olmasın”.

F.Eyyubovun sözlərinə görə, narazılıqlar zaman-zaman araşdırılmalı və bütün nöqsanlar aradan qaldırılmalıdır:

“AYNA sxemi iki modeldə edir. Biri statik sxemdir, digəri dinamik. Statik sxemdə parklanma və hərəkət üçün yerlər ayrılır. Dinamik sxemdə isə intensivlik, hərəkətin canlanması, ləngimələr, yolun buraxma qabiliyyəti və s. hamısı nəzərə alınır. Onlar nəzərə alınsa, əlbəttə, çox yaxşı olar.

Hesab edirəm ki, insanlar özləri də yaranan nöqsanları AYNA-ya deməlidirlər ki, qurum da uyğun olan yeni sxemləri tərtib etsin. Həm özəl, həm də digər parklanma məsələsinə kompleks yanaşamaq şərtdir. Ondan sonra ola bilər ki, müəyyən çətinliklər araşdırılıb aradan qaldırılsın. Amma hazırda nöqsanlar çoxdur”.

Azər Ayxan

Globalinfo.az saytının rəhbəri Azər Ayxanın fikrinə görə, Bakının yol-nəqliyyat infrastrukturu həll edilmədən parklanma ilə bağlı belə radikal qərarlar vermək yanlışdır:

“Böyük şəhərlərdə yerüstü nəqliyyatın əsas hissəsi tramvayların üzərinə düşür. Bütün meqopolislərdə, hətta əyalət şəhərlərində tramvay xətləri var və və getdikcə o xətlərin uzunluğu, marşrutu artırılır. Bakıda isə 2000-ci illərin əvvəllərində bu xətlər Şəhər İcra Hakimiyyətinin o vaxtkı başçısı Hacıbala Abutalıbovun göstərişi ilə söküldü. İddialara görə relslər olduqca baha qiymətə satıldı, tramvay keçən ərazilər yüksək məbləğ müqabilində iş adamlarına verildi”.

Azər Ayxanın sözlərinə görə, Bakıda yerüstü ictimai nəqliyyat əsasən avrobusların üzərinə düşür:

“Bu isə kökündən səhvdir. Alternativsiz ictimai nəqliyyat olmur. Avtobus həm tıxac yaradır, həm tıxaca düşür. Nəticədə insanlar mənzil başına rahat gedə bilmirlər. Yeraltı nəqliyyatdan isə danışmağa dəyməz. Bakı metropolitenində pik saatlarında necə fəlakətli vəziyyət yaşanır, bunu hər kəs yaxşı bilir. Demək olar, hər gün mediada, sosial şəbəkələrdə metrostansiyalarda sıxlığı əks etdirən fotolar paylaşılır. AYNA-nın yeni park siyasətinin əsasında insanları fərdi minik vasitələrindən imtinaya sövq etmək, ictimai nəqliyyata yönləndirməkdir. İndiki şərtlərdə bu, mümkün görünmür. Avtobuslarda sıxlıqdır, üstəlik tıxaca düşürlər, metrodan istifadə isə pik saatlarda mümkünsüzləşir. Ona görə də, Bakının nəqliyyat və yol problemlərini həll etmədən küçələri xətləyib, pullu dayanacaqlar düzəltmək cəmiyyətə qarşı böyük ədalətsizlikdir. Belə bir bərbad vəziyyətdə bahalı parklama təklifi isə vətəndaşı ələ salmaqdan başqa bir şey deyil. Hər şeyin başında vətəndaşın məmnuniyyəti, rahatlığı dayanmalıdır”.

Zaira Akifqızı
Globalinfo.az