Bakının Araiklə bağlı ssenarisi hazırdır – Rusiya daşları yerindən oynadır

Erməni Teleqram kanallarında Xankəndidəki separatçıların başçısı Araik Arutyunyanın “istefaya gedəcəyi” ilə bağlı xəbərlər yayıldı. “İstefa”nın yaxın günlərdə baş tutacağı deyilsə də, hələlik Arutyunyandan xəbər yoxdur.

Qarabağa göndərilən rusiyalı milyarder Ruben Vardanyan da məsələyə reaksiya verib. O, Arutyunyanı ələ salaraq “Həftənin əvvəlində dediniz ki, istefaya gedəcəksiniz və artıq qərar vermisiniz deyə, inandırmağa ehtiyac olmadığını bildirdiniz. İlk dəfə deyildi. Həmin görüşdə iştirak edən 8 nəfərin bir hissəsi sizin sözlərinizə inanmadı. Başqa bir hissəsi dedi, bəlkə bu dəfə düz deyir? Çox təəssüf ki, “birinci insan”ın sözü inam yaratmır” deyib.

Maraqlıdır, Vardanyanın Araiki istefaya çağırması nə ilə nəticələnə bilər? Moskva Arutyunyanın uzaqlaşdırılması üçün düyməyə basıb?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, həm Ruben Vardanyan, həm də Araik Arutyunyan Rusiyanın kadrlarıdır:

“Onlar Moskvanın diktəsi ilə addım atırlar, sadəcə olaraq, təyinatları, qarşılarına qoyulan vəzifələr fərqlidir.

Son zamanlar qondarma rejimlə rəsmi İrəvan arasında da gərginlik artıb. Bu, Azərbaycanın diplomatik uğuru, o cümlədən reinteqrasiya prosesi ilə bağlıdır.

Araikin istefası ilə bağlı əvvəllər də xəbər yayılıb. İddialara görə, o artıq ailəsini xaricə köçürüb və istefa verməyə hazırlaşır. Bu, praktik baxımdan mümkündür. Çünki Araik başa düşür ki, vəziyyət qəlizləşir. O, faktiki olaraq terrorçudur. Beləliklə, gələcəkdə Araikin Meşəli qatili Vaqif Xaçaturyanın taleyini yaşaması istisna deyil.

Araikin “vəzifədən” gedib-getməməsi isə Rusiyadan asılıdır. Məncə, o, hələ ki Kremlə lazımdır, çünki Rusiya məhz Araik vasitəsilə Paşinyanın bəzi addımlarının qarşısını ala, ona təzyiq göstərə bilir.

Araikin yaxın günlərdə istefa verəcəyini düşünmürəm, amma şübhəsiz ki, bu, tez-gec olacaq. Qondarma rejimin başçısı Azərbaycan qanunvericiliyi qarşısında cavab verəcək. Ssenari artıq hazırdır”.

Turan Rzayev
Globalinfo.az