WhatsApp Image 2026 04 27 at 15.12.20 1

Azərbaycana qarşı hərbi cinayətlərdə ittiham olunaraq Bakıda məhkəməsi keçirilən, bir müddət öncə isə Ermənistana təhvil verilən Vaqif Xaçaturyanın siyasi proseslərdə aktivləşməsi diqqət çəkir. Xaçaturyanın son olaraq Ermənistanın keçmiş prezidenti Robert Köçəryanla görüşü və ona dəstək verməsi birmənalı qarşılanmayıb.

Onun bu addımı xüsusilə Ermənistan daxilində hakimiyyətə yaxın çevrələrdə narazılıq yaradıb. Qeyd olunur ki, Xaçaturyanın azadlığa buraxılmasında dolayısı ilə rolu olan baş nazir Nikol Paşinyanın əleyhdarına dəstək verməsi siyasi etik və loyallıq baxımından suallar doğurur. Erməni bloqer Natali Aleksanyan da bu məsələyə diqqət çəkərək, onun davranışını tənqid edib.

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, Vaqif Xaçaturyan və bu kimi şəxslərin davranışı, əslində, gözlənilməz deyil:

“O, vaxtilə azərbaycanlılara qarşı cinayətlərdə iştirak edib və buna görə də Bakıda cəza çəkirdi. Səhhətində yaranan problemlərə görə Azərbaycan humanist addım ataraq onu azad etdi.

Xaçaturyanın bu gün Robert Köçəryana dəstək verəcəyini deməsi Ermənistan cəmiyyətində birmənalı qarşılanmır. Əksəriyyət hesab edir ki, bu addım nankorluqdur, Nikol Paşinyana təşəkkür etmək əvəzinə, onun siyasi rəqibini dəstəkləyir.

Vaqif Xaçaturyan və bu kimi şəxslər Robert Köçəryanla eyni düşüncəyə, xarakterə və mövqeyə malikdirlər. Əslində, bu məsələ hazırda Bakıda saxlanılan digər ermənilərlə bağlı bir göstərici olmalıdır. Onlar da gələcəkdə Ermənistana qayıtsalar, böyük ehtimalla eyni mövqedən çıxış edəcəklər”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: