Bakıda şok hadisə: Çəkiclə marketə hücum etdi, sonra…

Bakı şəhər Nizami rayonu ərazisində marketə çəkiclə daxil olaraq şüşələri, vitrinləri, soyuducunu, spirtli içkiləri və digər məhsulları sındıraraq dağıdan şəxsə cinayət işi açılıb.

Globalinfo.az xəbər verir ki, 1991-ci il təvəllüdlü Qaqaş Abbasov barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə açılmış işin materialları Nizami rayon Məhkəməsinə göndərilib.

Araşdırmalar zamanı məlum olub ki, Nizami rayonu Bəhruz Nuriyev küçəsində yerləşən “SM” market Qaqaşın qohumuna məxsusdur. O, heç bir səbəb olmadan spirtli içkinin təsiri altında marketə basqın edərək əlindəki çəkic və ling aləti ilə obyekti dağıtmağa başlayıb. Marketdə satıcı işləyən qohumu lingi onun əlindən ala bilsə də, Q.Abbasov çəkiclə marketi dağıtmağa davam edib. Nəticədə marketə 1500 manatdan çox ziyan dəyib.

Q.Abbasov məhkəmədə bildirib ki, bir neçə il əvvəl atasını və anasını itirib. Daha sonra isə qəzaya düşməsi səbəbindən 2 barmağı amputasiya edilib: “Hadisədən əvvəl marketdə işləyən qohumum mənə “Balaca, necəsən?” demişdi, mən də ona “Balaca özünsən” cavabını vermişdim. Bundan sonra kafedə yemək yeyib spirtli içki qəbul edəndən sonra həmin söz yadıma düşdü və ling, çəkic götürərək marketə getdim. Mən orada vitrini, qapını sındırarkən qohumum bıçaqla məni vurdu, ətrafdakı insanlar bizi ayırdı. Sonra təcili yardım maşını ilə xəstəxanaya aparıldım”.

Hadisədən sonra Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan Qaqaşın daha əvvəl də məhkumluq həyatı yaşaması məlum olub. Məhkəmədə qohumu onu bağışladığını və barışdıqlarını bildirərək şikayətçi olmayıb.

Nizami rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən proses bir neçə gün əvvəl başa çatıb. Məhkəmənin hökmü ilə Qaqaş Abbasov 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Malik
Globalinfo.az