Bakıda keçirilən beynəlxalq konfransda bəyannamə qəbul olundu – TAM MƏTN

Bakıda Qoşulmama Hərəkatının “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda keçirilən konfransın ilk günü başa çatıb.

Globalinfo.az xəbər verir ki, Bakıda qadınların hüquqları və səlahiyyətləndirilməsi mövzusunda keçirilən konfransın bəyannaməsi qəbul olunub.

Bəyannamədə deyilir:

1. İnsan Hüquqlarının və qadınların səlahiyyətlərinin artırılmasının Qoşulmama Hərəkatının gündəliyi kimi inkişaf etdirilməsinə öhdəliyimizi vurğulayır və qadınların tərəqqisi və onların insan hüquqlarından istifadə edilməsi sahəsində problemlərinin həlli üçün siyasi iradəmizi bir daha təsdiqləyirik;

2. Cəmiyyətin bütün sahələrində qadınların təmsil olunmasını, tam, bərabər və mənalı iştirakını təmin etmək öhdəliyini bir daha təsdiqləyir və Qoşulmama Hərəkatına Üzv Dövlətlərin siyasi sistemlərində qadınların bərabər iştirakının təşviqinin xüsusi əhəmiyyətini vurğulayırıq;

3. Qoşulmama Hərəkatına üzv dövlətlərdəki son nümunələr də daxil olmaqla, ən yüksək siyasi səviyyələrdə və seçilmiş Assambleyalarda qadınların artan təmsilçiliyini alqışlayırıq;

4. Kişilərin və oğlan uşaqlarının prosesə cəlb edilməsinin vacibliyini dərk edərək, səyləri birləşdirməyə və qadınlara qarşı zorakılığın bütün formaları tam aradan qaldırılana qədər mübarizəni davam etdirməyə qəti öhdəliyimizi təkrar edirik;

5. Qadınların həyati rolunu və onların dayanıqlı inkişafın bütün sahələrində tam, bərabər və mənalı iştirakının zəruriliyini bir daha təsdiq etmək, habelə bu istiqamətdə onlara liderlik üçün bərabər imkanlar yaradırıq;

6. Birtərəfli məcburetmə tədbirlərinin qadınlara və qızlara, o cümlədən onların rifahını və insan hüquqlarının tam həyata keçirilməsini təmin etməyə yönəlmiş milli siyasət və proqramlara zərərli təsirini tanıyır və bu kontekstdə onların dərhal və qeyd-şərtsiz tam ləğvini pisləmək və tələb etmək əzmimizə sadiqliyimizi bir daha təsdiqləyirik;

7. Birləşmiş Millətlər Təşkilatı sisteminin təşkilatlarının öz mandatları çərçivəsində qadınların inkişafı və səlahiyyətlərinin artırılması və onların insan hüquqlarından istifadə edilməsinin təşviqində bütün dövlətlərin səylərini dəstəkləmək üçün mərkəzi və əlaqələndirici rolunu tanıyırıq;

8. Gender bərabərliyinə nail olunması və bütün qadınların və qızların səlahiyyətlərinin artırılması və gender perspektivinin 2030-cu il İnkişaf Gündəliyinə inteqrasiyası üzrə müstəqil məqsədin daxil edilməsini alqışlayırıq;

9. Qadınlar üzrə IV Ümumdünya Konfransı tərəfindən qəbul edilmiş Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının tam həyata keçirilməsi istiqamətində əldə edilmiş irəliləyişi alqışlayırıq və Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 23-cü xüsusi sessiyasının “Qadınlar 2000: İyirmi birinci əsr üçün gender bərabərliyi, inkişaf və sülh” yekun sənədlərinə dəstəyi bir daha təsdiq edirik;

10. Qoşulmama Hərəkatının Üzv Dövlətləri arasında, o cümlədən yüksək səviyyəli qarşılıqlı fəaliyyət yolu ilə qadınların irəliləyişi və səlahiyyətlərinin artırılması və onların insan hüquqlarının həyata keçirilməsində mövcud problemlərə dair fikir, baxış və perspektivlərin mübadiləsinin intensivləşdirilməsinin vacibliyini vurğulayırıq və bununla bağlı razılaşdırılmış və məqsədyönlü tədbirlər görürük;

11. Qoşulmama Hərəkatının Qadınlar Platformasının yaradılması təklifini nəzərə alırıq və Qoşulmama Hərəkatının Koordinasiya Bürosu vasitəsilə bu təşəbbüsü, o cümlədən onunla bağlı iş üsullarını müzakirə edirik;

12. Qonaqpərvərliyə və 20-21 noyabr 2023-cü il tarixlərində Qoşulmama Hərəkatının Qadınların Hüquqlarının Təkmilləşdirilməsi və Gücləndirilməsi üzrə Konfransına ev sahibliyi etdiyinə görə Azərbaycan Respublikasının Xalqına və Hökumətinə minnətdarlığımızı bildiririk.

***09:50

Bakıda Qoşulmama Hərəkatının Qadın Hüquqlarının İnkişafı və Qadınların Səlahiyyətləndirilməsi üzrə konfransı keçirilir.

Globalinfo.az xəbər verir ki, iki gün ərzində baş tutacaq toplantıda qonaq ölkələrin iştirakı ilə interaktiv panel müzakirələri təşkil olunacaq.

Tədbirə Ombudsman Səbinə Əliyeva, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Azərbaycanın ilk İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanova, gənclər və idman nazirinin müavini Mariana Toteva Vasileva və deputatlar qatılıblar.

Tədbir iştirakçıları arasında həmçinin BMT, ICESCO, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu kimi təşkilatların nümayəndələri, Türkiyə, Özbəkistan, Türkmənistan, Sudan, Rusiya, İndoneziya, Misir, Venesuela, Fələstin, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, Keniya, İran, Belarus, Mərakeş, Küveyt, Uqanda, Nepal, Pakistan, Səudiyyə Ərəbistanı, İraq, Qətər, Kuba, Malayziya, İordaniya, Meksika kimi ölkələrin təmsilçiləri də yer alırlar.