Bakı Xankəndini dünyaca məşhur taktika ilə qaytara bilər – Politoloqdan ilginc versiya

44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Ermənistanı məğlub edib, torpaqlarını işğaldan azad etsə də, rəsmi İrəvan köhnə reallıqlara əsaslanan yanaşmalarından əl çəkmir. Belə ki, Ermənistan rəsmi Bakı ilə Xankəndidəki işğalçı tör-töküntülər arasında danışıqlara dair beynəlxalq mexanizmin yaradılmasını istəyir.

Maraqlıdır, Azərbaycan Ermənistanın bu təklifini diqqətə alacaqmı? Ümumiyyətlə, rəsmi Bakı Xankəndi ilə hansı halda danışıqlara gedə bilər?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Bakı ilə Xankəndi arasında rəsmi səviyyədə hər hansı danışıqların getməsi müzakirə mövzusu belə deyil:

“Azərbaycan Xankəndidə nə bir ölkə, nə bir qurum, nə də bir separatçı hakimiyyət tanıyır. Tanınmayan bir rejim və ya hakimiyyətlə necə danışıqlara getmək olar?

Rəsmi Bakının Xankəndi ilə birbaşa masa arxasında əyləşməsi onun varlığını tanıması deməkdir. Bu isə çətin ki, baş versin. Prezident İlham Əliyev də çıxışlarında qeyd edib ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşlığını qəbul edə, ya da istədikləri ölkəyə gedə bilərlər. Ermənilərə bu və ya başqa formada siyasi-mədəni muxtariyyət verilə bilməz.

Ermənistan nəinki indi, 44 günlük müharibədən əvvəl də Xankəndi və Bakının danışıqlar masasına əyləşməsini istəyirdi. Belə bir hal baş versə və nəticə əldə edilməsəydi belə, dünya “artsax”ın varlığını qəbul edərdi.

Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi ilə bağlı beynəlxalq səviyyədə danışıqlar mexanizmi yaradılması təklifi Azərbaycanın daxili məsələsini beynəlxalq müstəvidə müzakirəyə çıxarmaq cəhdidir”.

Politoloq qeyd edib ki, Bakı-Xankəndi danışıqlarının başlaması ilə oradakı ermənilərlə təmasların qurulması fərqli məsələlərdir:

“Azərbaycan Xankəndidəki ermənilərlə təmaslar qurur. Bu, təbii və normal məsələdir. Bizim problemimiz mülki ermənilərlə deyil və bu təmaslar heç bir halda siyasi proses hesab edilə bilməz.

Arayik Arutyunyan və ya Ruben Vardanyan ən qısa zamanda zərərsizləşdirilməlidir. Özü də bu proses Xankəndidəki mülki ermənilər vasitəsilə həyata keçirilməlidir. Bakı “Troya atı” taktikasından istifadə etməlidir. Bu həm də gələcəkdə separatçı lider olmaq istəyən şəxslərə mesaj olacaq”.

Turan Rzayev
Globalinfo.az