İrəvanda keçirilən Avropa Siyasi Birliyi sammiti və planlaşdırılan Aİ–Ermənistan görüşü regionda qlobal güclər arasında rəqabətin artdığını göstərir. Əvvəllər Bakı ilə İrəvan arasında sülh təşəbbüslərində fəal olan Avropa İttifaqı prosesi ABŞ-a ötürüb. Vaşinqtonda Donald Trampın iştirakı ilə sülh razılaşmaları imzalanıb və “Tramp marşrutu” (TRIPP) adlı layihə irəli sürülüb. Bu layihə Asiyadan Avropaya Rusiyanı kənar keçən alternativ nəqliyyat dəhlizi kimi nəzərdə tutulur.
Globalinfo.az-ın xəbərinə görə, ekspertlər hesab edir ki, İranla müharibə layihənin icrasını ləngidə bilər.
Buna baxmayaraq, ABŞ TRIPP-i regionda əsas prioritetlərindən biri sayır və danışıqları davam etdirir.
Rusiya prosesdən kənarda qaldığı üçün layihəyə qoşulmağa çalışsa da, bu, real görünmür. Bu səbəbdən Moskvanın İranla birlikdə təşəbbüsə mane olmağa çalışa biləcəyi istisna deyil.
Avropa İttifaqı da layihədən kənarda qalmaq istəmir və TRIPP-də iştirak imkanlarını araşdırır. Layihə yüklərin Çin–Avropa marşrutu üzrə çatdırılma müddətini təxminən 42 gündən 12–13 günə endirə bilər.
“Bloomberg” qeyd edir ki, Ermənistan–Azərbaycan münaqişəsinin başa çatması regionda enerji və ticarət yollarına nəzarət uğrunda rəqabəti gücləndirib. ABŞ, Türkiyə, Aİ və Çin bölgədə təsir imkanlarını artırmağa çalışır.
Ekspertlərə görə, Rusiyanın təsiri hələ də qalır. Lakin ABŞ-ın fəallığı region ölkələrini alternativ iqtisadi tərəfdaşlar axtarmağa təşviq edir.
Əliyar Xəlil