Dövlət qurumlarının oliqarx rəhbərləri – talançılığı dayandırmağın yolu – TƏKLİF

Bir neçə il əvvəl maddi zərərlə fəaliyyət göstərən dövlət qurumlarının rəhbərlərinə yerli istehsal olan mebel və maşınlardan istifadə etmələri tapşırılmışdı. Bununla da dövlət büdcəsindən ayrılan xərclərə müəyyən qədər qənaət edilməsinə çalışılırdı. Amma bu tapşırıqlara əməl edilmədi.

Bəzi məmurlar rəhbəri olduqları qurumların maddiyyatının yaxşı olmamasına baxmayaraq komfortlu həyat tərzi sürürlər. Bu da məmurların fəaliyyətinin, büdcədən ayrılan vəsaitin şəffaf xərclənməsi ilə bağlı müxtəlif suallar doğurur.

Ümumilikdə dövlət qurumlarına ayrılan vəsaitin xərclənməsinə necə nəzarət edilir?

Dövlət büdcəsindən ayrılan vəsaitin şəxsi komfort üçün istifadəsi nə dərəcədə mümkündür?

Mövzu ilə bağlı vəkil Əsabəli Mustafayev Globalinfo.az-a bəzi məmurların dövlət büdcəsini qanunsuz şəkildə mənimsədiyini bildirib:

“Azərbaycanda kənar dövlət maliyyə nəzarətini həyata keçirən qurum Hesablama Palatası sayılır. Bu qurum parlamentin nəzdində xalq nəzarətini həyata keçirir və Milli Məclisdə hesabat verir. Qurum büdcədən bələdiyyə, dövlət fondu, səhmdar cəmiyyətləri və digər bütün dövlət qurumlarına ayrılan vəsaitin təyinatı üzrə xərclənməsinə nəzarət edir.

Dövlət qurumlarının, icra hakimiyyəti orqanlarının rəhbərlərinə, deputatlara kommersiya fəaliyyəti qadağan edilib. Amma bu kimi şəxslər öz yaxın adamları, qohumları vasitəsilə kommersiya fəaliyyəti həyata keçirib, sərvət toplayırlar. Xalq arasında onlar “oliqarx” adlandırılırlar, kommersiya ilə dövlət vəzifələrini birləşdirirlər və küllü miqdarda pul qazanırlar. Onların qazancı üçün əsas mənbə isə dövlət büdcəsidir. Yəni büdcədən ayrılan vəsaitlər mənimsənilir ki, bu gizli fakt deyil, artıq hər kəs məsələnin fərqindədir. Təəssüf ki, Hesablama Palatası da bunun öhdəsindən gələ bilmir, çünki bu çox geniş yayılmış bir vəziyyət halını alıb”.

Əsabəli Mustafayev

Vəkil məmurların korrupsiya fəaliyyətinin qarşısının alınması üçün vahid sistemin tətbiq edilməsinin vacib olduğunu söyləyib:

“Bu, konkret olaraq korrupsiyadır və onunla mübarizə üsulları mövcuddur. Bunun qarşısını almaq üçün nəzərdə tutulan ilkin tədbirlərdən biri dövlət məmurlarının, icra strukturu rəhbərlərinin, deputatların, bələdiyyə sədrlərinin, ümumilikdə dövlət qurumlarında vəzifə tutan bütün şəxslərin illik vergi bəyannaməsinin vergi orqanlarına təqdim olunmasıdır. Bu bütün dünyada geniş yayılmış təcrübədir.

Düşünürəm ki, sadəcə dövlət vəzifələrini tutanlar deyil, yetkinlik yaşına çatmış hər bir Azərbaycan vətəndaşı belə bir deklarasiyanı təqdim etməlidir. Bu sistem bizə qonşu olan bütün dövlətlərdə illərdir tətbiq edilir. Sistem tamamilə dayandıracaq deyə bir şey iddia edilmir, amma qarşısını almağa xeyli kömək edəcək.

Hər bir məmur bu deklarasiyada illik qazancının miqdarını və bunun mənbəyini konkret şəkildə göstərməlidir. Həmçinin bütün qazancının qanuni yolla əldə edildiyini də sübut etməlidir. Əgər qanunauyğunsuzluq müəyyən edilərsə, həmin şəxs əsassız varlanmaya görə məsuliyyət daşıyır”.

Ə.Mustafayev qeyd edib ki, korrupsiyanın qarşısını almaq üçün sadəcə məmurlar deyil, sadə vətəndaşlar da vergi hesabatı verməlidirlər:

“Məmurların öz yaxınlarının adı ilə kommersiya fəaliyyəti həyata keçirməsi halları geniş yayıldığı üçün sadə vətəndaşların da bu prosesə cəlb edilməsi arzuolunandır. Belə olan halda qanunsuzluq, korrupsiya halları daha yaxşı araşdırıla bilər. Son zamanlar qanunsuz yolla əldə edildiyi müəyyənləşdirilərək müsadirə edilən bir çox əmlakın geri qaytarılmasının şahidi oluruq. Bu zaman isə əmlakın təqsirləndirən şəxsin deyil də, onun hansısa yaxınının adına olması əsas göstərilir. Bu məşhur metodu korrupsionerlərin əlindən almaq üçün qeyd etdiyim sistemin tətbiqi vacibdir.

Azərbaycanda deklarasiya ilə bağlı qanun mövcud olsa da, onun tətbiqi 20 ildən artıqdır ki, təxirə salınır. Görünür, bu, kimlərəsə sərf etmir. Ümid edək ki, bu qanun yaxın zamanlarda qüvvəyə minəcək”.

Ayşən Mustafa
Globalinfo.az