Bakıda tarakanlar məktəbi “işğal etdi” – FOTOLAR

“Üç həftədir məktəbimizi tarakan basıb. Xüsusən 3 və 4-cü mərtəbələrdə həşəratlar çox yayılıb. Uşaqlarımız sinifdə otura bilmirlər, tavandan üzərlərinə tarakan tökülür”.

Globalinfo.az bildirir ki, bu şikayətlə “Qafqazinfo”ya övladı paytaxtın 153 nömrəli məktəbində təhsil alan bir qrup valideyn müraciət edib.

Onlar iddia edirlər ki, artıq siniflərdə dərs keçmək qeyri-mümkündür: “Bir neçə gündür müəllimlər də belə şəraitdə dərs keçməkdən imtina edirlər. Onlar etiraz olaraq aşağı düşür, direktor onları geri-dərsə qaytarır. Direktor Təranə Paşayevaya dəfələrlə şikayət etmişik. Hər gedəndə bizi otaqdan qovur. Deyir ki, “Yekə adamsınız, ilan deyil ki, həşəratdır da… Çıxın kabinetdən, sizi eşitmək istəmirəm”. Antisanitariya baş alıb gedir. Valideynlərdən yığdığımız fond pulu ilə dezinfeksiya vasitələri almışıq. Dövlət orqanlarına müraciət etmişik, heç bir xeyri yoxdur. Uşaqlar bilmirlər dərsə qulaq assınlar, yoxsa tarakanlardan qorunsunlar”.

Şikayətlə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etdik. İdarədən sorğumuza cavab olaraq bildirildi ki, təhsil müəssisələrində mütəmadi olaraq əks-epidemik profilaktik dezinfeksiya işləri aparılır: “153 nömrəli tam orta məktəbin binasında da dezinfeksiya işləri həyata keçirilib. Qeyd olunan məsələ BŞTİ tərəfindən araşdırılacaq və zəruri tədbirlər görüləcək”.